17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür 2020-05-17 11:39:00 / MARAQLI MƏLUMATLAR

Bu əlamətdar gün 1865-ci il may 17-də Beynəlxalq Teleqraf İttifaqının (indiki Beynəlxalq Telekommunikasiya İttifaqı – BTİ) əsasının qoyulması ilə bağlıdır. 2005-ci ilədək bu tarix Beynəlxalq Telekommunikasiya Günü kimi qeyd edilmişdir.

BMT-nin qərarı ilə 2006-cı ildən etibarən 17 may tarixi “Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü” kimi qeyd edilir. 

Hər il BTİ tərəfindən, eləcə də, dünyanın əksər ölkələrində bu tarix ilə əlaqədar müxtəlif aktual mövzulara həsr olunmuş müxtəlif tədbirlər – konfranslar, seminarlar, müsabiqələr və s. keçirilir. Bu günün qeyd olunmasında əsas məqsəd İnternetdən və İKT-dən istifadənin insanlara, cəmiyyətə və ölkələrə verdiyi imkanları diqqətə çatdırmaq, eyni zamanda, rəqəmsal fərqliliyin aradan qaldırılması ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə köməklik göstərmək, bu sahədəki aktual problemləri, qarşıdakı vəzifələri müzakirə etməkdir.

Bu il Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü “Qlobal kommunikasiya 2030: dayanıqlı inkişaf məqsədləri üçün İKT” mövzusuna həsr olunub. Həmin mövzu ilə əlaqədar 5 strateji hədəf - inkişaf, inklüzivlik, dayanıqlılıq, innovasiya və tərəfdaşlıq istiqamətində müzakirələrin aparılması nəzərdə tutulur. BTİ hesab edir ki, həmin müzakirələr bu təşkilata və onun üzvlərinə İKT-nin informasiya cəmiyyətinin inkişafındakı keçmiş və gələcək töhfələrini xatırlamaq üçün unikal bir fürsət yaradacaq.

Qeyd etmək lazımdır ki, dünyanı ağuşuna alan koronovirus pandemiyası bu gün İKT-nin, İnternet texnologiylarının bəşəriyyət üçün nə qədər həyati əhəmiyyət daşıdığını qabarıq şəkildə göstərdi. İndiki qlobal böhran şəraitində bir sıra istehsal, xidmət və idarəetmə sahələrində, ən müxtəlif təhlükəsizlik tədbirlərinin görülməsində, elmi-tədqiqat və təhsil proseslərində, eləcə də, insanların məişətində bu texnologiyalara tələbat dəfələrlə artmışdır. Belə bir vəziyyət telekommunikasiya şəbəkələrinin dayanaqlılığına, təhlükəsizliyinə, xidmət keyfiyyətinin artırılmasına xüsusi diqqət yetirilməsini tələb edir. BTİ və ayrı-ayrı dövlətlər, o cümlədən Azərbaycan öz fəaliyyətində bu istiqamətdə səylərini daha artırmış, öz imkanlarını səfərbər etmişdir.

İnformasiya cəmiyyətinin inkişaf etdirilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin əsaslarından, strateji hədəflərindən biridir. Bu siyasətin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz onun Sərəncamı ilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” təsdiq edilmişdir. Həmin strategiyanın həyata keçirilməsi ilə ölkəmizdə informasiya cəmiyyətinin əsaslarının yaradılması üçün zəruri islahatlar aparılmış, müvafiq hüquqi, iqtisadi, texnoloji və kadr bazası formlaşdırılmışdır.

Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda həmin tədbirlərin davamı olaraq “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya həyata keçirilir. Milli Strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsidir.

Azərbaycan informasiya cəmiyyətinin, elektron dövlətin, İKT infrastrukturunun inkişaf səviyyəsinə görə dünyada qabaqcıl mövqe tutur. Müvafiq beynəlxalq təşkilatların illik hesabatları da bunu təsdiq edir.

AMEA İnformasiya Texnologiyaları İnstitutu da öz fəaliyyəti ilə ölkəmizdə informasiya cəmiyyəti quruculuğuna elmi dəstək verir, müvafiq dövlət proqramlarının həyata keçirilməsində iştirak edir. İnstitutun iki əsas elmi istiqamətindən biri də məhz informasiya cəmiyyəti istiqamətidir. İnstitutda 2005-ci ildə “İnformasiya cəmiyyəti problemləri” adlı elmi şöbə yaradılmış, 2010-cu ildə “İnformasiya cəmiyyəti problemləri” elmi-praktik jurnalı təsis olunmuşdur.

Hazırda informasiya cəmiyyətinin, IV sənaye inqilabının əsas trendlərindən biri süni intellekt texnologiyalarıdır. Proqnozlara görə, yaxın gələcəkdə ölkələr arasında rəqəmsal fərqliliyi yaradan əsas faktor süni intellekt texnologiyalarının inkişaf və tətbiq səviyyəsi olacaqdır. Məhz buna görə də son zamanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələyə böyük diqqət ayırır. Dövlətimizin başçısı bu ilin yanvar ayında Davos Forumunda da bununla əlaqədar ciddi məqamlara toxunmuşdur. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Bakıda Davos Forumunun Regional Mərkəzinin yaradılması nəzərdə tutulur. Bu mərkəzin yaradılmasında məqsəd ölkəmizdə IV sənaye inqilabının çağırış və imkanlarının, İndustry 4.0 texnologiyalarının, o cümlədən süni intellekt texnologiyalarının həyata keçirilməsidir. Bunları rəhbər tutaraq, ölkəmizdə süni intellekt texnologiyalarının inkişafına böyük diqqət ayrılır, alimlərimiz bununla əlaqədar əhəmiyyətli araşdırmalar aparırlar.

İndustry 4.0 texnologiyalarının geniş tətbiqi, Azərbaycanın texnoloji infrastruktur mühitinin IV sənaye inqilabının çağırışlarına uyğun formalaşdırılması, xüsusi data mərkəzlərin, superkompüter klasterlərinin formalaşdırılması, kütləvi “buludlaşma” kimi tədbirlər ölkəmizin informasiya cəmiyyətinin növbəti inkişaf mərhələsinə qədəm qoymasına, qlobal rəqabətədavamlılığın artmasına imkan verəcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024