Yaponiyada işıqforlar “5G” siqnallarını ötürəcək 2019-06-18 12:32:00 / MARAQLI MƏLUMATLAR

Yaponiyada işıqforlar beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) siqnallarını ötürməyə imkan verən xüsusi avadanlıqla təchiz ediləcək.

belta.by saytının məlumatına əsasən, Yaponiya hökuməti tərəfindən “5G” mobil şəbəkəsinin qurulmasının sürətləndirilməsi üzrə proqram açıqlanıb. Gündoğar ölkədə yeni nəsil rabitənin 2020-ci ildən etibarən istifadəyə verilməsi planlaşdırılır. Çətinlik ondan ibarətdir ki, bu vəzifənin həyata keçirilməsi üçün hazırda mövcud olandan daha çox antena qurğuları tələb olunur. Problemin həlli üçün hökumət ölkə ərazisində 200 min işıqfora xüsusi avadanlıq quraşdırmaq niyyətindədir. Bu, “5G” şəbəkəsini daha tez tətbiq etməyə və xərcləri xeyli azaltmağa imkan verəcək.

Bundan əlavə, işıqforlarda avtonom avtomobillərin hərəkətini asanlaşdırmaq üçün yollarda hərəkət şəraitini qeydə alan ötürücülərin quraşdırılması nəzərdə tutulur.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023