“eSIM” texnologiyasının imkanları müzakirə olundu 2019-06-19 12:24:00 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “eSIM” texnologiyasının imkanlarının müzakirəsinə həsr olunduğunu bildirdi.

Məruzəni təqdim edən institutun elmi işçisi Kamran Cəfərzadə ölçüsü 5x5 millimetr olan və istehsal zamanı birbaşa qurğunun platasına quraşdırılan universal çip və ya mikrosxem “eSIM”in (ing. embedded SIM, quraşdırılmış SIM) yaranma tarixindən bəhs etdi. Qeyd etdi ki, SIM kartların virtuallaşdırılması məsələsini əsaslı şəkildə həll etmək üçün 2014-cü ildə GSMA assosiasiyası tərəfindən “eSIM” texnologiyası təklif olunub.

Məruzəçi “eSIM”i hazırda dəstəkləyən cihazlar, eləcə də “eSİM” əməliyyatları, onun sazlanması prosesindən danışdı.

K.Cəfərzadə “eSIM”in əsas üstünlüklərindən söz açaraq bildirdi ki, mobil operator tərəfindən “eSIM”in dəstəklənməsi, təqdim olunan QR-kod və tətbiqetmə və ya əl ilə daxil edilən SM-DP+ serverin ünvanı, eləcə də onu dəstəkləyən cihazın mövcud olması “eSIM”in istifadəsi üçün əsas şərtlərdəndir.

Daha sonra məruzəçi profillərarası keçidləri həyata keçirən abunə meneceri və onun yerinə yetirdiyi vəzifələr barədə məlumat verdi. Onun sözlərinə görə, məlumatların hazırlanmasının abunə meneceri profillərin təhlükəsiz yaradılmasında və saxlanılmasında, təhlükəsiz marşrutlaşdırmanın abunə meneceri isə eUICC (Embedded Universal Integrated Circuit Card) ilə təhlükəsiz əlaqənin qurulmasında mühüm rol oynayır.

“eSİM”də profillərarası keçidin təhlükəsizliyindən, Əşyaların İnternetində “eSIM” texnologiyasının rolundan danışan məruzəçi onu dəstəkləyən ölkələr və mobil operatorlar, eləcə də “eSIM”i dəstəkləyən cihazların istifadə dinamikası haqqında məlumatı diqqətə çatdırdı.

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023