Milli antiplagiat xidmətinin yaradılması Konsepsiyası və tədqiqatçıların elmi fəaliyyətinin qiymətləndirilməsi problemləri müzakirə edildi 2019-06-24 16:14:00 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 12 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Şöbə müdiri Mədinə Səidova gündəlikdə duran məsələləri diqqətə çatdıraraq seminarın “İnformasiya və Kommunikasiya Texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE Beynəlxalq Konfransı”na (AICT 2019)” şöbənin əməkdaşları tərəfindən təqdim olunan məqalələrin müzakirəsinə həsr olunduğunu bildirdi.

Öncə institutun böyük elmi işçisi Nərmin Adıgözəlova çıxış edərək qeyd etdi ki, elmi əsərlərin sayının artdığı bir dövrdə tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, h-indeksi tədqiqatçıların  fəaliyyətini özündə əks etdirən göstərici olsa da o, tədqiqatçının aldığı istinadlar haqqında tam məlumat vermir. “Bu səbəbdən h-uzantı hissəsində olan məqalələrin keyfiyyətini, yəni istinadların məqalələr üzrə necə paylanmasına diqqət edilməlidir”, – deyə bildirən məruzəçi eksperimentin nəticələrinə əsasən eyni göstəriciyə malik olan təqdiqatçıların bu göstəricilərə əsasən müqayisə edilməsinin tövsiyə olunduğunu vurğuladı.

Sonra şöbənin əməkdaşı Firudin Əsgərov plagiatlıq, onun növləri, həmçinin antiplagiat sistemlərinin iş prinsipləri haqqında məlumat verdi. Milli elektron kontentin yaradılmasından danışan məruzəçi qeyd etdi ki, hazırda Azərbaycan dilində milli kontentin hazırlanması aktual problemlərdən biridir. O, mövcud antiplagiat sistemlərinin əsas xüsusiyyətlərindən söz açaraq antiplagiat sistemlərinin Azərbaycan əlifbası ilə bağlı problemlərini səsləndirdi.

Məruzəçi Azərbaycan nümunəsində milli antiplagiat xidmətinin mərhələlərindən, eləcə də dilin xüsusiyyətlərindən asılı olaraq yarana bilən problemlərdən bəhs etdi.

Məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr səsləndirildi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024