Plagiatlığın aşkarlanmasında onunla mübarizə xidmətlərinin imkanları araşdırılıb 2019-05-27 16:48:00 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin növbəti elmi seminarında institutun böyük elmi işçisi Rəhilə Həsənova “Plagiatlığın aşkarlanması və onunla mübarizə xidmətləri” mövzusunda məruzə ilə çıxış etdi. O, plagiatlığın kibercinayətkarlığın bir növü olduğunu bildirdi, onun digər müəlliflərə məxsus fikir və ideyaların bir şəxs tərəfindən mənimsənilməsini nəzərdə tutduğunu diqqətə çatdırdı.  

Plagiatlığın növlərindən danışan məruzəçi qeyd etdi ki, plagiatlığın elmi müəssisələrdə əsasən tələbələr və tədqiqatçılar tərəfindən həyata keçirilən mətn plagiatlığı, mənbə qeyd olunmadan bütün mətnin və ya mətndə hər hansı bir hissənin kod dəyişməklə köçürülməsini nəzərdə tutan mənbə kodu plagiatlığı üsulları vasitəsilə həyata keçirildiyini dedi.

Müasir dövrdə bir çox ölkələrdə plagiatlıqla mübarizə üzrə qanunvericilik bazasının formalaşdırıldığını söyləyən məruzəçi bildirdi ki, bu ölkələrdə plagiatlıq “dələduzluq”, “oğurluq” və s. kimi cinayət əməli hesab olunur və cinayətkar plagiatlıqdan dəyən ziyanı ödəmək məcburiyyətində qalır.

Bu sahədə beynəlxalq təcrübədən bəhs edən R.Həsənova plagiatlıqla məşğul olan insanların ictimai qınaq vasitəsilə cəzalandırılmasının hazırda işlək mexanizm hesab olunduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, bu şəxslər hüquqi məsuliyyətə cəlb edilmədən vəzifələrindən və elmi adlarından məhrum olurlar.

O, həmçinin plagiatlıqla mübarizənin hüquqi, ictimai və sosial aspektlərindən danışaraq plagiatlıqla mübarizə üsullarından olan maarifləndirmə prosesinin plagiatlıqla mübarizə sahəsi üzrə mütəxəssis kadrların hazırlanması və bu biliklərin ali təhsil müəssisələrində tədrisini özündə ehtiva etdiyini vurğuladı.

R.Həsənova “Plag Aware”, “PlagScan”, “iThenticate”, “CheckFor Plagiarism. net”, “Plagiarism detecting. org” kimi antiplagiat proqramlarını müqayisəli təhlil etdi, onların üstün və çatışmayan cəhətlərini nəzərə çatdırdı. Məruzəçi “antiplagiarism.NETeTXT.RU” proqramının Azərbaycan dilini dəstəklədiyini bildirdi.

Məruzəçi sonda plagiatlıqla mübarizə üsullarını diqqətə çatdıraraq antiplagiat sistemlərinin yalnız simvollarla deyil, mətnin şəklini çəkməklə mətndəki oxşarlıqların qiymətləndirilməsi, mətnlərin avtomatik avtoreferatının çıxarılması və onların yoxlanılması, latın və kiril qrafikasına uyğun mümkün variasiyaların yoxlanması imkanına malik olduqlarını bildirdi. Qeyd etdi ki, antiplagiat sistemində aşkarlanmış plagiatlıq məhsulu tarixə görə təhlil edilməlidir. Belə ki, İnternet mühitində tapılmış mətnlərdən tarix baxımından öncədən yazılmış mətn orijinal mətn hesab olunmalıdır.   

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024