İnstitutda GEANT Assosiasiyası layihələrinin icraçı rəhbəri Leoni Şafer ilə görüş keçirildi 2019-05-22 17:14:00 / GÖRÜŞLƏR

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda GEANT Assosiasiyası layihələrinin icraçı rəhbəri Leoni Şafer (Leonie Schafer) ilə görüş keçirildi. Görüşdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun elmi katibi Mədinə Səidova, institutun şöbə müdirləri – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoruBabək Nəbiyev iştirak edirdilər.

Leoni Şafer Azərbaycana səfərinin məqsədindən danışaraq bildirdi ki, əsas məqsəd İnformasiya Texnologiyaları İnstitutunun GEANT-ın GN4-3, eləcə də bir sıra digər layihələrinə qoşulmasına dəstək göstərilməsi və EapConnect layihəsi çərçivəsində gələcək əməkdaşlığın genişləndirilməsi üçün priorietlər və mövcud problemlərin müzakirəsindən ibarətdir.

Qonağa rəhbərlik etdiyi institut haqqında məlumat verən akademik Rasim Əliquliyev qurumun AMEA-da fəaliyyət göstərən gənc institutlardan olduğunu diqqətə çatdırdı. Akademik institutda Big Data analitika, kibertəhlükəsizlik, Data mining, elektron tibb, bulud texnologiyaları, proqram mühəndisliyi, elektron elm və digər istiqamətlərdə elmi tədqiqatların aparıldığını qeyd edərək əldə olunan elmi nailiyyətlərin informasiya cəmiyyətinin formalaşmasında tətbiq olunduğunu diqqətə çatdırdı. Akademik, həmçinin rəhbərlik etdiyi qurumun müvafiq dövlət proqramlarının icrasında yaxından iştirak etdiyini vurğuladı.

Azərbaycanda ilk dəfə İnternetə çıxışın 1991-ci ildə məhz bu institutda həyata keçirildiyini deyən R.Əliquliyev ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olan institutun AzScienceNet şəbəkəsinin xidmətləri barədə məlumat verdi. Şəbəkənin GEANT Assosiasiyasında Azərbaycanı təmsil etdiyini vurğulayan R.Əliquliyevin sözlərinə görə, AzScienceNet və AzEduNet arasında inteqrasiyanın təmin olunması nəticəsində AMEA ilə yanaşı, AR Təhsil Nazirliyinin ali təhsil müəssisələrinin alim və mütəxəssisləri, doktorant və dissertantlarının da GEANT şəbəkəsi tərəfindən təqdim olunan çoxsaylı xidmətlərdən istifadəsinə geniş imkanlar yaradılmışdır.

İnstitut direktoru, həmçinin qurumun Tədris-İnnovasiya Mərkəzi barədə məlumat verdi, mərkəzdə İKT üzrə biliklərin tədrisinin həyata keçirildiyini vurğuladı.

Görüşün sonunda Leoni Şafer institutda yaradılmış innovativ şəraiti, xüsusilə də AzScienceNet şəbəkəsinin imkanlarını yüksək qiymətləndirdi. Qonaq Azərbaycanın, o cümlədən İnformasiya Texnologiyaları İnstitutunun Avropanın elm və təhsil layihələrinə qoşulması üçün böyük imkanlar yaradıldığını qeyd edərək birgə əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduqlarını dedi, ölkəmizi GEANT-ın layihələrində daha yaxından iştirak etməyə səslədi.

Sonra qonaq institutun Elmi tədqiqatlar, Tədris-İnnovasiya, Distant Tədris və Elektron Kitabxana mərkəzləri, “İnformasiya texnologiyaları” nəşriyyatı,  İnternet-kafe, eləcə də AzScienceNet elm kompüter şəbəkəsi və onun Data Mərkəzində yaradılmış şəraitlə yaxından tanış oldu.

Daha sonra institutun mütəxəssislərinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə L.Şafer GEANT Assosiasiyası və onun xidmətləri, GN4-3 və GN4-3N layihələrinə dair təqdimatla çıxış etdi.

Məruzəçi ümumilikdə 10 min institutun və 50 milyon akademik istifadəçinin qoşulduğu GEANT Assosiasiyasının Avropa Birliyinin maliyyələşdirdiyi layihələrdə iştiraka dəstək verdiyini, tədqiqatçılar arasında əməkdaşlığı dəstəklədiyini, Pan-Avropa infrastrukturunu idarə etdiyini və çoxsaylı tədqiqat xidmətləri göstərdiyini nəzərə çatdırdı: “GEANT tədqiqat, təhsil və innovativ cəmiyyətləri bir araya gətirir. Onun xidmət sahələrinə şəbəkə əsaslı, təhlükəsizlik, yaddaş və buludlar, real zamanda qarşılıqlı əlaqə və peşəkar xidmətlər, fəaliyyət sahələrinə isə fiziki elmlər, ətraf-mühit, enerji, sağlamlıq, qida, sosial elmlər və e-infrastrukturlar daxildir”.

L.Şafer GEANT-ın 2022-ci ilədək həyata keçirilməsi nəzərdə tutulan GN4-3 və GN4-3N layihələri barədə danışdı, bu layihələrin dünyanın 42 ölkəsində 39 tərəfdaş təşkilatının olduğunu vurğuladı. O, GN4-3 layihəsinin fəaliyyət istiqamətlərindən söz açaraq yeni xidmətlərin layihələndirilməsi, əməliyyat xidmətlərinin təmin olunması və beynəlxalq əməkdaşlığın təşkili istiqamətlərindən bəhs etdi.

Məruzəçi GEANT-ın perfsonar, eduPERT, GEANT CERT kimi yüksək performanslı şəbəkələşmə xidmətlərini dəstəklədiyini vurğuladı. O, həmçinin Eduroam, inAcademia, eduTEAMS, EduGAİN, AARC xidmətləri haqqında ətraflı məlumat verdi.

L.Şafer Eduroam Managed IdP xidmətini diqqətə çatdıraraq bu xidmətin Eduroam-ın dəstəklənməsi imkanına malik olmayan kiçik institutlar üçün nəzərdə tutulduğunu bildirdi. Qeyd etdi ki, bu sistem istifadəçi hesablarının yaradılması üçün veb-əsaslı istifadəçi-idarəetmə interfeysidir.

Çıxışının sonunda məruzəçi GEANT-ın təşkil etdiyi “TNC19” konfransının 16-20 iyun 2019-cu il tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində keçiriləcəyini dedi, institut əməkdaşlarını bu konfransda iştirak etməyə səslədi.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024