Azərbaycanda ilk dəfə “İnnovasiya Festivalı” keçiriləcək 2019-05-14 17:32:00 / MARAQLI MƏLUMATLAR

29 may – 4 iyun tarixlərində Azərbaycanda ilk dəfə olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, eləcə də təşkilatçılığı ilə Gənclər və İdman, Təhsil nazirlikləri, Heydər Əliyev Mərkəzi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və "Azercell" şirkəti ilə birgə "İnnovasiya Festivalı" ("İnnoFest") keçiriləcək.

 

"İnnovasiya Festivalı" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planı"nın müvafiq yarımbəndlərinin icrası üzrə Azərbaycan Respublikasında startap hərəkatının formalaşdırılması, gənclərin biznes ideyalarının həyata keçirilməsinə dəstək verilməsi, innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi və yeni innovativ ideyaların reallaşdırılması, eyni zamanda regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılması ənənələrinin formalaşdırılması məqsədilə təşkil edilir.

 

"İnnoFest" çərçivəsində qlobal təşkilatların, şirkətlərin və nüfuzlu şəxslərin iştirakı ilə sammit və forumlar, robotexnika yarışları, kiber idman turnirləri, innovasiya, startap müsabiqələri, sərgilər, texnopartilər və məşhur müğənninin iştirakı ilə konsert təşkil ediləcək.



 

Beləliklə, hər il Avropa, Yaxın Şərq və MDB olmaqla, üç regionda keçirilən "Monex Summit" tədbiri bu il 30 may – 1 iyun tarixlərində Bakıda keçiriləcək.

 

Sammit "İnnovasiya Festivalı" çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankın rəsmi dəstəyi, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və "FA İnternational Trade Events" şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

 

Tədbirdə  "fintech" və bank sənayesinin ən mühüm liderləri bir araya gələcək.

 

Tədbirdə 300-dən çox yerli və xarici şirkət, 70-dən artıq natiq və 50-dək ölkədən nümayəndə iştirak edəcək.

 

"Monex Summit Caspian" sərgi, konfrans, marafon, Heydər Əliyev Mərkəzində baş tutacaq qala gecəsi və dünyaca məşhur ifaçının iştirak edəcəyi "Monex Party" kimi bir sıra tədbirlərlə müşayiət olunacaq.

 

 İki gün davam edəcək tədbirdə "fintech" liderlər, "C-level" təmsilçilər, Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Şərqi Avropanın nəhəng banklarından olan ekspertlər Bakıda təcrübə mübadiləsi aparacaq.

 

İştirakçılar ödəniş, təhlükəsizlik, data və informasiya texnologiyaları üzrə qlobal şirkətlərin rəhbərləri ilə görüş, panel müzakirələrdə iştirak, B2B görüşlər, startapçılar üçün real sərmayə və potensial müştərilərlə əməkdaşlıq imkanı əldə edəcəklər.

 

Cari il mayın 31-dən iyunun 3-dək ölkəmizdə ilk Azərbaycan Gənclər İnternet İdarəçilik Forumu keçiriləcək.

 

Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Gənclər Fondunun və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) təşkilatçılığı ilə "İnnoFest" çərçivəsində baş tutacaq.

 

Forumun təşkilində əsas məqsəd Azərbaycan və region ölkələri gənclərini bir araya toplayaraq rəqəmli sahə üzrə inkişaf tendensiyalarının müzakirə və şərh edilməsidir.

 

Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi üçün platformadır. Tədbir internetlə bağlı problemləri müzakirə etmək üçün gənclər cəmiyyətini bir araya gətirərək maraqlı tərəflərlə çoxtərəfli dialoqun təşkilinə hesablanıb.

 

3 gün davam edəcək tədbirə müxtəlif ölkələrdən, əsasən 17-29 yaş arası gənclər qatılacaq.

 

Forum çərçivəsində iştirakçıların nəzəri və praktiki hazırlığı həyata keçiriləcək. Onlar tədbirin sonunda müxtəlif mövzularda təşkil olunacaq simulyasiya oyununda iştirak edəcəklər.

 

Forumda "İnternet idarəçiliyinin təməl prinsipləri", "Gənclərin fikirlərinin formalaşmasında sosial medianın rolu" və "Gənclər üçün internetin biznes imkanları – ideyaların gerçəkləşməsi" adlı seminarların keçirilməsi nəzərdə tutulur.

 

Eyni zamanda, "Gənclərin davamlı inkişafı üçün internet idarəçiliyi nə qədər vacibdir?", "Qlobal, yoxsa spesifik internet – gənclərin fərqli dəyərlərə münasibəti",  "İnterneti uşaqlar və gənclər üçün necə təhlükəsiz etmək olar?" və digər mövzular üzrə debatlar təşkil olunacaq.

 

29-30 may 2019-cu il tarixlərində Bakıda "Şərq tərəfdaşlığı" ölkələrinin "Rəqəmli bazarların uyğunlaşdırılması" (HDM) təşəbbüsü çərçivəsində 4-cü "ICT innovation and startup ecosystems" istiqaməti üzrə növbəti seminar keçiriləcək. Seminarda  Avropa Komissiyasının, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus respublikalarının nümayəndələri və xarici ekspertlər iştirak edəcək.

 

Seminarda iştirakçı ölkələrdə innovasiya və startap ekosistemlərinin formalaşdırılması istiqamətində görülmüş işlər müzakirə olunacaq, ekspertlər tərəfindən Avropada həyata keçirilmiş ən yaxşı təcrübələr barədə məlumat veriləcək. Eyni zamanda, 2019-2021-ci illər üçün "Şərq tərəfdaşlığı" ölkələrinin "ICT innovation and startup ecosystems" istiqamətində birgə həyata keçiriləcək layihələri müzakirə ediləcək.

 

Qeyd edək ki, 2014-cü ildən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının "İqtisadi inteqrasiya və Avropa İttifaqı siyasətinə uyğunlaşma" platforması çərçivəsində "Rəqəmli bazarların uyğunlaşdırılması" (HDM)  təşəbbüsü həyata keçirilir. HDM  təşəbbüsün məqsədi vahid rəqəmli bazarın üstünlüklərini  "Şərq tərəfdaşlığı"  ölkələrinə genişləndirməklə bu ölkələrdə rəqəmli iqtisadiyyatın  və cəmiyyətin  inkişafına dəstək verilməsidir. Ölkəmizi bu təşəbbüsdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi   təmsil edir.

 

Həmçinin,  HDM  təşəbbüsü çərçivəsində  31 may 2019-cu il tarixində Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  və  "Ernst & Young" şirkətinin təşkilatçılığı ilə qlobal  tədbir keçiriləcək. Tədbirdə "Ernst & Young"   Avropa Komissiyası tərəfindən maliyyələşdirilən "EU4Digital"  proqramının  6 istiqaməti üzrə 2019-2021-ci illərdə  "Şərq tərəfdaşlığı" ölkələrində həyata keçiriləcək layihələr barədə  ölkə təqdimatı edəcək. 

 

Tədbirdə Avropa Komissiyasının,  "Ernst & Young"ın  nümayəndələri, ölkəmizdə  elektron ticarət, elektron gömrük, rəqəmli etimad və təhlükəsizlik, İKT innovasiya, elektron təlim, elektron səhiyyə sahələrində çalışan dövlət, özəl, ictimai təşkilatların nümayəndələri iştirak edəcək. 



 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi və təşəbbüsü ilə cari ilin 3 iyun tarixində "Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar" Forumu  ("MAİNTECH – 2019") keçiriləcək.

 

Tədbirin keçirilməsində əsas məqsəd innovativ və texnoloji məhsul və xidmətlərin daha geniş tanıdılması və onların ixracına dəstək olmaqdır. Tədbirdə yerli innovativ məhsul və texnologiyaların ixrac perspektivləri, innovativ biznes ekosisteminin inkişafı, yaradılan məhsul və xidmətlərdən ölkə daxilində həm özəl, həm də dövlət sektoru tərəfindən istifadəsinin təşviq edilməsi üzrə təqdimat və müzakirələr yer alacaq. Forumda dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri, habelə, innovasiya ekosisteminin iştirakçıları, startaplar və xarici ölkələrdən olan nümayəndələrin iştirakı nəzərdə tutulur.

 

Heydər Əliyev Mərkəzinin Parkında yaradılacaq "İnnoFest Village"-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi tərəfindən innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu, VR oyunlar, dronlarla, robotlarla iş imkanı yaradan təlimlərin keçirildiyi, əyləncə zonası ilə təchiz edilmiş "Robopark"  Pavilyonu fəaliyyət göstərəcək.

 

Bir neçə zonadan ibarət olan Pavilyonda "Mars Academy" tərəfindən gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə vermək, kiçik yaşlardan bu sahəyə maraq aşılamaq məqsədi ilə STEAM (Science, Technology, Engineering, Art, Math – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları barədə məlumatlar təqdim ediləcək.

 

Proqramın hədəfi peşə seçimi mərhələsinə gəlib çatmış gənclərə özlərini müxtəlif peşələrdə sınamaqda, eləcə də, düzgün seçim etməkdə kömək olmaqdır.

 

Bundan başqa, "Azercell" şirkətinə məxsus əyləncə zonasında interaktiv oyunlar, şirkətin göstərdiyi xidmətlər, eləcə də, internet təhlükəsizliyi ilə bağlı məlumatlar, dişlərin və gözlərin pulsuz müayinəsi imkanı yaradan  mobil klinika fəaliyyət göstərəcək.

 

Mobil Diş və Mobil Göz Klinikası zəruri olan modern tibbi avadanlıqla təchiz olunub. Layihənin məqsədi valideyn himayəsindən məhrum olan uşaqların, ahılların və aztəminatlı ailələrin diş və göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin etməkdir. Klinikaya müraciət edən insanlar peşəkar oftalmoloqlar, mütəxəssislər tərəfindən müayinə olunacaq, zəruri məsləhətlər alacaqlar. 

 

Həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərmarka" MMC tərəfindən keçirilən Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Gələcək" mövzusunda rəsm müsabiqəsinin qalibləri də  "İnnoFest Village"-də elan ediləcək.

 

Birinci yerin sahibi 300, ikinci yerin sahibi 200, üçüncü yerin sahibi 100 AZN məbləğində pul mükafatı ilə mükafatlandırılacaq. Qaliblərin rəsmlərindən poçt markaları hazırlanaraq dövriyyəyə buraxılacaq.

 

Bakının ali təhsil müəssisələrini əhatə edən "İdeyadan Biznesə" layihəsi çərçivəsində 3 günlük startap müsabiqəsinin nəticələri də "İnnoFest" çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilən Bakı Finalında bəlli olacaq.

 

Belə ki, "NanoDesal", "AntiAge şirəsi", "HealWith", "Bumeranq", "AgroShare", "Plan to plant", "Game of war and modern technologies", "Palliativ Qayğı" və "Buqələmun" layihələri qalibiyyət uğrunda mübarizə aparacaq.

 

Finalçılar ADA Universitetində keçirilən startap marafonunda finala vəsiqə qazanmışdı. Ötən müddət ərzində onlar öz layihələrini mütəxəssislərlə birgə daha da təkmilləşdiriblər.

 

2 iyun tarixində keçiriləcək final mərhələsində layihələr mütəxəssislərdən ibarət münsiflər heyəti qarşısında təqdim ediləcək və jüri tərəfindən ideyanın unikallığı, bazar potensialı, investisiyanın mənfəət müddəti, ilkin xidmətin/prototipin hazırlanmasına tələb olunan müddət, komandanın ideyanı gerçəkləşdirmə qabiliyyəti kimi kriteriləri üzrə qiymətləndiriləcək.   

 

1, 2 və 3-cü yerlərin qalibləri avqust ayının sonlarında 12 regionun da  qaliblərinin iştirak edəcəyi "İnnocamp" yay düşərgəsinə vəsiqə qazanacaq. Yay düşərgəsində "İdeyadan Biznesə" layihəsinin builki qalibləri mentorların, biznes inkubasiya mərkəzlərinin nümayəndələrinin, eləcə də psixoloqların dəstəyi ilə finala hazırlıq məşğələlərində iştirak edəcəklər. 

 

Oktyabrda keçiriləcək Milli Finalda isə ümumrespublika üzrə 1, 2 və 3-cü yerlərin qalibləri müəyyən olunacaq. 

 

Milli Finalda təşkilatçılar və tərəfdaşlar tərəfindən qalib gələcək ilk üç yerin sahiblərinə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.

 

Finalçılar və  hər region üzrə I yerin qalibləri isə dekabr ayında keçiriləcək "Bakutel-2019" 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində öz layihələrini iştirakçılara və eyni zamanda investorlara təqdim etmək şansı qazanacaqlar.

 

"İnnoFest"də 4 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və "Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə 8-19 yaşlı yeniyetmə və gənclər arasında Azərbaycanda III Robot Olimpiadası keçiriləcək.

 

Qeyd edək ki, 2017-ci ildə Azərbaycan Dünya Robot Olimpiadası Assosiasiyasının həqiqi üzvü seçilib. 

 

Yeniyetmə və gəncləri əhatə edən və dünyanın ən böyük robototexnika yarışması olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il müxtəlif mövzular üzrə fərqli ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilmiş bu Olimpiadada 12 ölkə iştirak edibsə hal-hazırda bu say 70-i keçib.

 

2017-ci ildən etibarən hər il Dünya Robot Olimpiadasının Azərbaycan seçim yarışları keçirilir. 2017-ci ildə keçirilən ilk seçim yarışında 10 ali və orta təhsil müəssisəsindən 22 komanda iştirak etmişdisə, 2018-ci il 7 oktyabr tarixində Bakı İdman Sarayında təşkil olunmuş yarışda 22 təhsil müəssisəsindən 54 komanda iştirak edib. Hər iki yarışın nəticələrinə uyğun olaraq 4 kateqoriya üzrə bütün qaliblər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2017-ci və 2018-ci ildə müvafiq olaraq Kosta-Rika və Tayland Krallığında keçirilən Dünya Robot Olimpiadasının final mərhələsində iştirak ediblər.

 

Bundan başqa,  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "RoboPark"ın tərəfdaşlığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Robotexnika Mühəndislik Akademiyası (AREA) tərəfindən Heydər Əliyev Mərkəzində Beynəlxalq Dron Olimpiadasının Azərbaycan finalı ("DronTech") keçiriləcək.    

 

Olimpiadada Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən dövlət və özəl orta təhsil müəssisələrində təhsil alan 7-12 yaş arası 25 şagird 3 kateqoriya üzrə ən uğurlu pilot olmaq uğrunda mübarizə aparıblar.

 

Şagirdlər öz gücünü "Drone Race", "Drone Football" və "Drone Challenge" olmaqla 3 fərqli kateqoriyada sınayacaq. Hər kateqoriya üzrə ilk 3 yeri tutan iştirakçılar sertifikat və hədiyyələrlə təltif ediləcək.

 

Qaliblər Azərbaycanda ilk dron pilot uçuş vəsiqələrini əldə edəcəklər.

 

Qeyd edək ki, dünyanın ən böyük robotexnika yarışı olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il fərqli mövzular üzrə müxtəlif ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilən olimpiadaya 12 ölkə qatılsa da, iştirakçı ölkələrin sayı artıq 70-i keçib.

 

Azərbaycanda 2017-ci ildə Dünya Robot Olimpiadasının Azərbaycan üzrə ilk seçim yarışı keçirilib. Həmin yarışda 8 təhsil müəssisəsindən 22 komanda iştirak edib. Yarışda müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar Dünya Robot Olimpiadasının noyabrın 10-12-də Kosta-Rikada keçirilən final mərhələsində iştirak hüququ əldə edib. Beləliklə, Azərbaycan ilk dəfə Dünya Robot Olimpiadasının finalında təmsil olunub. Dünya Robot Olimpiadasında ilk dəfə iştirak etməsinə baxmayaraq, Azərbaycan 71 ölkə arasında 17-ci pillədə qərarlaşıb.

 

Xatırladaq ki, Azərbaycan 2017-ci ilin sonunda Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilib.

 

"İnnovasiya Festivalı" çərçivəsində "Baku Open Cyber Cup" kiber idman turniri də təşkil ediləcək.

 

1 iyunda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçiriləcək turnirdə "playstation" platformasında iki oyun növü "PES 2019" üzrə yarışlar təşkil olunacaq.

 

Turnirdə iştirak etmək istəyən 15 yaşdan yuxarı hər bir şəxs iştirak edə bilər.

 

Hər bir oyun növü üzrə seçilmiş 32 iştirakçı 1 iyun 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində keçiriləcək turnirdə gücünü sınayacaq. Olimpiya sistemi üzrə keçiriləcək oyunlardan sonra qaliblər müəyyənləşdiriləcək.

 

Yarışın qalibləri pul mükafatı ilə təltif ediləcəklər.

 

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Mars Academy"-nin dəstəyi ilə Bakıda ilk dəfə "TechFest" keçiriləcək. "TechFest Bakı" "özün yarat" ("birlikdə yarat") ruhunda olan və öz nailiyyətlərini Azərbaycan xalqı ilə bölüşmək istəyənlər üçün nəzərdə tutulub.

 

"TechFest Bakı" yerli istehsalçılar üçün öz məhsullarını sərgiləmək, master-klasslarda iştirak etmək və layihələrini beynəlxalq münsiflər heyətinə təqdim etmək üçün geniş imkanlar təklif edir.

 

"İnnoFest" çərçivəsində keçiriləcək bütün bu qlobal tədbirləri 31 mayda "Monex Caspian" sammiti çərçivəsində  "Elektra Events Hall"-da keçiriləcək dünyaca məşhur müğənni İnnanın konserti müşayiət edəcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024