Biomimetika elm sahəsində araşdırmalar aparılır 2019-05-02 17:23:00 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin elmi seminarı keçirildi. “Biomimetika: anlayışlar, problemlər, texnologiyalar” adlı məruzə ilə çıxış edən şöbənin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova biomimetika və onun inkişaf tarixi, biomimetika elm sahəsinə təbiətdən gələn  texnologiyalar və s. haqqında məlumat verdi. Bildirdi ki, biomimetika insanların mürəkkəb problemlərini həll etmək üçün təbiətdə olan sistem və elementlərin imitasiya modelidir: “Biomimetika texnologiyalarının öyrənilməsi və onların müxtəlif sahələrə tətbiq edilməsi iqtisadiyyatın inkişafında mühüm rol oynaya bilər”.

Məruzəçi 20-ci əsrin ikinci yarısından “obrazların tanınması” adlı yeni elmi istiqamətin formalaşmasından söz açaraq qeyd etdi ki, biomimetika “surətlərin tanınması” elmi istiqamətinin inkişafı nəticəsində yaranıb.

Onun sözlərinə görə, biomimetika texniki məsələlərin həlli üçün təbiətdən alınan biliklərin tətbiqi məqsədi ilə bioloji sistemləri və prosesləri öyrənir, eləcə də təbiətdən tapılan ideyalar əsasında orijinal texniki sistemləri yaratmağa kömək edir.

“Biomimetika insan beyninin işini öyrənir, yaddaşın mexanizmini tədqiq edir”, – deyə bildirən məruzəçi qeyd etdi ki, o həm də heyvanların duyğu orqanlarını, ətraf mühitə reaksiyasını intensiv olaraq araşdırır.

Şöbənin baş mühəndisi bildirdi ki, neyron şəbəkələrin insanın əsəb sistemi vasitəsilə öyrənilməsi, yeni texniki və elmi ideyaların inkişafı üçün canlı orqanizmlərin morfoloji, fizioloji, biokimyəvi xüsusiyyətlərinin tədqiqi biomimetika üzrə aparılan əsas iş istiqamətlərindəndir. Bundan əlavə, yeni sensorlar, canlı orqanizmlərin duyğu orqanları və hiss sistemlərinin, eləcə də texnikada müxtəlif prinsiplərdən istifadə etmək üçün heyvanlarda oriyentasiya, yerləşmə və naviqasiya prinsiplərinin öyrənilməsi də bu istiqamətləri əhatə edən problemlər sırasındadır.

Ş.Mahmudova bioloji sistemlərə aid prosesləri araşdıran bioloji, proseslərin riyazi modellərini quran nəzəri, eləcə də mühəndislik məsələlərinin həlli üçün nəzəri biomimetik modelləri tətbiq edən texniki biomimetika bölmələri barədə ətraflı məlumat verdi.

Məruzəçi həmçinin, biomimetika elm sahəsinə təbiətdən gələn texnologiyalar haqqında danışdı, “köpək balığı və külək turbinləri”, “qutu balığı və Bionic Car”, “qaranquş və yapışqan”, “quşlar və uçuş”, “Вionic Bird – Dron-Quş” kimi bu sahəyə aid olan misalları diqqətə çatdırdı. Qeyd etdi ki, biomimetikanın inkişafına təkan verən əsas amillərdən biri də nanotexnologiyaların inkişafıdır: “Tədqiqatçılar nanometrika səviyyəsində təbiətin imitasiyası üçün müxtəlif metodlardan istifadə etdilər. Məqsəd təbiətdə mövcud olan nümunələrdən istifadə etməklə unikal xüsusiyyətlərə malik materialların yaradılması idi”.

Onun sözlərinə görə, biomimetik robotların və heyvan davranışlarının öyrənilməsi bir-biri ilə bağlı və ayrılmazdır. Onların inkişafından ilhamlanan biomimetik robotlar, digər robotlardan fərqli olaraq daha güclü hərəkət və koqnitiv qabiliyyətə, daha həssas nəzarət prosesini təmin edən bioloji xüsusiyyətlərə malikdirlər.

Biomimetik robotlar və heyvan davranışları arasındakı əlaqənin ümumi təzahüründən bəhs edən Ş.Mahmudova biomimetik robotların inkişafını təşviq etmək üçün heyvan davranışının təqlidinin lokomotiv, bilikli davranış, eləcə də neyron fəaliyyəti ilə izah olunduğunu diqqətə çatdırdı.

O, həmçinin biomimetika və proqram təminatı barədə məlumat verdi. Bildirdi ki, biomimetik neyron strukturların yaradılmasında müxtəlif miqyaslarda bioloji neyron şəbəkələrin topoloji xüsusiyyətləri imitasiya edilir.

“Biomimetika, bioloji sistemlərdən mühəndislik və texnoloji dizaynlara köçürülmüş prinsipləri və strategiyaları tətbiq edir”, – deyə bildirən məruzəçi qeyd etdi ki, biomimetika biologiyadan texnologiyaya qədər strategiyaların ötürülməsi kimi çoxşaxəli araşdırma sahəsidir.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024