AzScienceNet ilə AMEA Geologiya və Geofizika İnstitutu arasında əməkdaşlıq əlaqələri davam etdirilir 2019-04-30 15:31:00 / MÜHÜM HADİSƏLƏR

Məlumdur ki, AzScienceNet elm kompüter şəbəkəsi AMEA-nın institut və təşkilatlarının fəaliyyətinin daha səmərəli təşkili, institutların alim və mütəxəssislərinin dünya elmi mühitinə inteqrasiyası baxımından geniş imkanlar təqdim edir. AzScienceNet Data Mərkəzi mürəkkəb məsələlərin həlli üçün böyük həcmli hesablama resursları təklif edir ki, bu da elmi müəssisələrdə aparılan tədqiqat işlərində qarşıya qoyulan məsələləri qısa vaxt ərzində həll etmək imkanı yaradır.

AMEA Geologiya və Geofizika İnstitutunda Azərbaycan ərazisinin yer qabığının müasir geoloji-tektonik quruluşu və geodinamik təkamülünün yeni elektron modellərinin yaradılması sahəsində elmi tədqiqatlar həyata keçirilir. Bunun üçün adıçəkilən instituta rəqəmsal əsaslı modellərin işlənib hazırlanmasında müasir kompüter texnologiyalarının tətbiq edilməsi tələb olunur. Bu məqsədlə AzScienceNet elm kompüter şəbəkəsinin dəstəyi ilə Geologiya və Geofizika İnstitutunun “MOVE” proqram paketi ilə təmin olunması istiqamətində işlər aparılır. 

Qeyd edək ki, geoloji modellərdə risk və qeyri-müəyyənliyi azaltmaq üçün tam rəqəmsal mühiti təmin edən“MOVE Suite” proqram paketi struktur modelləşdirmə və analiz alətidir. Bu proqramın tətbiqi ilə geoloji mühitin 2 və 3 ölçülü rəqəmsal modellərinin interaktiv şəkildə işlənilməsi mümkündür. “MOVE” proqramı həmçinin raster məlumatların 2D və 3D gürüntülər vasitəsi ilə rəqəmsallaşdırmağa imkan yaradır ki, bu da öz növbəsində istənilən məlumatı coğrafi koordinat sistemi nəzərə alınmaqla 3 ölçülü fəzada (x,y,z)  qurulmasına imkan yaradır. Bunun nəticəsində tədqiq olunan ərazinin geoloji quruluşu və bununla bağlı olan digər məsələlər daha dəqiq tədqiq oluna bilir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024