“Qadınlar İKT-də Beynəlxalq Günü”nə həsr edilmiş respublika elmi-praktiki konfransı keçirildi 2019-04-25 16:34:00 / KONFRANSLAR

25 aprel 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti,Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə bu qurumda “Qadınlar İKT-də Beynəlxalq Günü”nə həsr edilmiş respublika elmi-praktiki konfransı keçirildi.

Konfransda Azərbaycanın dövlət, elm və təhsil müəssisələrində İKT sahəsində çalışan qadın alim, pedaqoq və mütəxəssislər iştirak edirdi.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə informasiya cəmiyyətinin mühüm hədəflərindən birinin qadınların informasiya-kommunikasiya texnologiyalarında (İKT) rolunun artırılması olduğunu bildirdi. Qadınların hüquq və azadlıqlarının təmin olunmasında informasiya cəmiyyətinin texnoloji platforması olan İKT-nin mühüm rol oynadığını vurğulayan AMEA prezidenti qeyd etdi ki, İKT elmi-texnoloji fenomen olmaqla yanaşı, cəmiyyətdə bütün növ sosial bərabərsizliklərin effektiv şəkildə aradan qaldırılması vasitəsidir.

Bu gün İKT sektorunda qadınların rolunun və xüsusi çəkisinin artırılmasının aktuallıq kəsb edən məsələlərdən olduğunu bildirən akademik Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilatların bu məsələlərin həllinə böyük diqqət ayırdığını nəzərə çatdırdı.   

Konfransın 2014-cü ildən etibarən BTİ-nin təşəbbüsü ilə hər il qeyd edilən “Qadınlar İKT-də Beynəlxalq günü” ilə əlaqədar keçirildiyini deyən A.Əlizadə tədbirin bu istiqamətdə elmi problemlərin müəyyən edilməsi baxımından önəmini vurğuladı.

Gender məsələsinin Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayan AMEA prezidenti bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi: “Həmin siyasətin nəticəsidir ki, bu gün Azərbaycan qadınları dövlət orqanlarında, elm, təhsil və tibb müəssislərində, biznes və vətəndaş cəmiyyəti sektorlarında, ədəbiyyat, incəsənət və idman sahələrində ən yüksək səviyyədə təmsil olunurlar”.

Son dövrlər elm sahəsində çalışan qadınların sayının kişilərə nisbətən ilbəil artmaqda olduğunu qeyd edən akademik texniki peşələr, o cümlədən İKT sahəsi ilə bağlı olan peşələrdə qadınlarının rolunun artdığını vurğuladı, bu tendensiyanın Azərbaycanda da özünü qabarıq şəkildə göstərdiyini bildirdi. Akademikin sözlərinə görə, 2018-ci ildə Azərbaycanda texniki elmlər sahəsində çalışanların 53 faizini qadınlar, 47 faizini isə kişilər təşkil etmişdir.

“Azərbaycan qadınlarının elmi-texnoloji sahələrdə təmsil olunma səviyyəsi dünya üzrə müvafiq orta göstəriciləri xeyli qabaqlayır”, – deyən A.Əlizadə bu göstəricilərin ölkəmizdə həyata keçirilən gender siyasətindən, elm və təhsilə diqqət və qayğıdan, milli-mənəvi dəyərlərin xüsusiyyətlərindən irəli gələn mühitin formalaşması hesabına əldə edildiyini söylədi.  

Sonda A.Əlizadə AMEA-da, onun elmi müəssisə və qurumlarında Qadınlar Şurasının fəaliyyət göstərdiyini qeyd edərək bu şuranın elmi mühitdə çalışan xanımların müxtəlif problemlərini, qayğılarını üzə çıxartmağa və onları daha effektli şəkildə həll etməyə imkan verdiyini diqqətə çatdırdı.

Daha sonra “Qadınların elmi yaradıcılıqda və peşə seçimində İKT-nin rolu” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər üzrə elmlər doktoru, professor Hicran HüseynovaİKT-nin gender bərabərliyi, qadınların hüquq və imkanlarının genişləndirilməsinin təmin edilməsində əsas amillərdən biri olduğunu dedi. Məruzəçi bildirdi ki, bir zamanlar “İKT-də qadınlar” anlayışı bəzi insanlar üçün abstrakt  görünürdü: “Qadın proqramçı, startapçı, kompüter mühəndisliyi kimi fadələri eşidəndə insanlar təəccüb edirdilər. Lakin artıq bu stereotiplər qırılıb. Əsas məqsədimiz isə bu sahəyə qadınların daha çox sayda cəlb edilməsi və onlara lazımı dəstəyin verilməsidir”.

H.Hüseynova qeyd etdi ki, informasiya texnologiyaların tətbiqində gender fərqlərinin öyrənilməsi hazırda tədqiqatçıların xüsusi diqqət yetirdiyi məsələlərdəndir. Onun  sözlərinə görə, İKT cəmiyyətin bütün təbəqələri, xüsusilə həssas və əlverişsiz şəraitdə olan insan qrupları üçün imkanların yaradılmasında katalizator rolunu oynamaqla uzunmüddətli dayanıqlı inkişafı üzrə bünövrəni təmin edir.

Məruzəçi, həmçinin hazırda İKT-nin qadınların elmi yaradıcılığının inkişafı və müxtəlif peşələrə yiyələnməsi baxımından geniş imkanlar təqdim etdiyini vurğuladı.

“UNESCO-nun hesabatlarına görə, Azərbaycan bütövlükdə tədqiqatçılar arasında qadınların sayı daha çox olan ölkələr sırasındadır,”– deyən H.Hüseynova bildirdi ki,  Azərbaycan qadınları və qızları arasında  İKT  sektoruna dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu sahəyə peşəkar marağın təşviq edilməsi, gənc qızların gələcək karyeralarını məhz İKT sahəsində iş qurmalarına  həvəsləndirilməsi qarşımızda dayanan əsas məsələlərdəndir.

AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Gülçin Abdullayeva “Qadınlar İKT-də: beynəlxalq aləmdə və ölkəmizdə ümumi mənzərə” mövzusunda məruzə ilə çıxış edərək informatika elminin yaranma tarixindən bəhs etdi. O, Elektron Hesablayıcı Maşınların istifadə edilməsi üzrə ilk tədqiqatlardan danışdı, keçmiş SSRİ-də və Avropada ilk Kiçik Elektron Hesablama Maşını haqqında məlumat verdi.

Məruzəçi, həmçinin ortopediyada cərrahi müdaxilənin məsləhətçi intellektual sistemi və Azərbaycan əl xalılarının naxış, ornamentlərinin tanınma və identifikasiya sistemini təqdim edərək onların imkanlarından söz açdı və iş prinsipini diqqətə çatdırdı.

“Gender problemlərinin həllində İKT-nin rolu və perspektivləri” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədovaqadınların İKT-yə cəlb olunması zərurətini təyin edən amillərdən danışdı. M.Məmmədova İKT sektorunda çalışan 29 milyon ixtisaslı İT-mütəxəssisin 20-30%-ni qadınların təşkil etdiyini bildirdi.

“Son on ildə qadın və kişi məşğulluğu arasında fərqin azalması Avropada iqtisadiyyatının artımının əsas faktorlarından hesab edilir”, – deyən məruzəçi Avropa İttifaqı ölkələrinin İKT bazarında qadınların payı barədə məlumat verdi. Bildirdi ki, Avropa İttifaqında İT-mütəxəssis qismində çalışan insanların 17,2%-ni qadınlar təşkil edir.

Məruzəçi aparıcı İKT şirkətlərində qadın İT mütəxəssislərin payı, ölkəmizdə ali təhsil müəssisələrinin tələbələrinin sayı və ixtisas qrupları üzrə təhsil alan tələbələrin sayı, ixtisas üzrə işləyən İT-məzunların cins üzrə paylanması reytinqini təqdim etdi. Alim İKT sahəsində qadınların payının az olması səbəblərindən danışdı, hazırda qadınların dinamik İKT sektoruna daxil olmaları üçün geniş imkanların yaradıldığını dedi.

İKT-nin qadınların məişət problemlərinin həllində də böyük rola malik olduğunu söyləyən M.Məmmədova bu istiqamətdə texnoloji yeniliklər haqqında məlumat verdi.

Məruzəçi e-tibbin qadınların sağlamlıq problemlərinin həlli baxımından təqdim etdiyi imkanlardan bəhs etdi, İKT-nin qadınlar və onların ailə üzvlərinin təhlükəsizliyi problemlərinin həllində rolundan danışdı, eləcə də elektron təhsilin gender assimetriyasının aradan qaldırılması baxımından sosial əhəmiyyətə malik olduğunu söylədi.

O, həmçinin təhsildə gender bərabərsizliyinin aradan qaldırılması problemlərinin perpektivlərini diqqətə çatdırdı. Gələcəkdə təhsilin böyük hissəsinin onlayn və virtual olacağını, süni intellekt və Big Data texnologiyaları əsasında təhsilin fərdiləşdirilməsi, karyeranın modelləşdirilməsi və proqnozlaşdırılmasının həyata keçiriləcəyini vurğuladı.

M.Məmmədova qadınlar üçün İKT peşələrinin seçiminin üstünlüklərindən danışdı, 2030-сu ilə qədər meydana gələn və İKT bacarıqları tələb edən yeni peşələr barədə məlumat verdi.

Tədbirdə, həmçinin AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə “AMEA-da gender mədəniyyəti və İKT” mövzusunda məruzə ilə çıxış edərək ölkədə qadınların İKT sektorunda iştirak səviyyəsi, gender problemlərinin həllində İKT-nin rolu və perspektivləri haqqında məlumat verdi.

Məruzəçi akademiyanın institutlarında yaradılan Qadınlar şuralarının üzvlərini bu kimi tədbirlərdə fəal iştirak etməyə çağırdı. Alim AMEA-nın qadın əməkdaşlarının elmi fəaliyyətləri barədə tədqiqatların aparılmasını və bu məlumatların çap olunmasının zəruriliyini qeyd etdi.

AMEA Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev “Azərbaycan mədəni mühitində qadınların sosial statusunun inkişafında kommunikasiyaların rolu” mövzusunda məruzə çıxış edərək kommunikasiya vasitələrinin meydana gəlməsi ilə sosial-mədəni sferada baş verən dəyişikliklər arasında əlaqələrdən danışdı. Bildirdi ki, cəmiyyətdə qadının sosial statusunun yüksəlməsi kommunikasiya imkanları ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, bəşəriyyətin inkişafında baş verən informasiya inqilablarının hər biri bu və ya digər şəkildə qadının cəmiyyətdə mövqeyinin güclənməsi ilə müşayiət olunub.

H. Quliyev şifahi və yazılı kommunikasiya mərhələlərində, həmçinin kütləvi informasiya vasitələrinin, radio və televiziyanın meydana gəlməsi zəminində qadının sosial statusunun inkişafı ilə bağlı folklor faktlarına diqqəti cəlb etdi. İnternetin meydana gəlməsi hesabına cəmiyyətin əvvəlki dövrlərdən fərqli mərhələyə qədəm qoyduğunu vurğulayan məruzəçi sosial-mədəni mühitdə qadının rolunun və mövqeyinin yüksəldiyini qeyd edərək bildirdi ki, qloballaşma və virtuallaşma proseslərinin getdiyi müasir dövrdə Azərbaycan qadını cəmiyyətin ən müxtəlif sferalarında aktiv şəkildə fəaliyyət göstərməkdədir.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Qadınlar və fərdi məlumatların mühafizəsi problemləri” mövzusunda məruzə ilə çıxış edərək fərdi məlumatların mühafizəsinin normativ-hüquqi bazası və beynəlxalq çağırışlardan bəhs etdi.

Dünyanın əksər ölkələrində fərdi məlumatların mühafizəsi ilə məşğul olan milli qurumlar – agentliklər, komissarlıqlar, ombudsman aparatları, inspeksiyalar və s. fəaliyyət göstərdiyini bildirən akademik fərdi məlumatların mühafizəsi sahəsində çox sayda beynəlxalq standart və tövsiyələrin işlənildiyini, hər ilin 28 yanvar tarixinin Beynəlxalq Fərdi Məlumatların Mühafizəsi  Günü kimi qeyd olunduğunu diqqətə çatdırdı.

İKT-nin inkişafının insanların şəxsi və ailə həyatına dair fərdi məlumatlarının daha da şəffaflaşmasına səbəb olduğunu bildirən R.Əliquliyev ölkəmizdə fərdi məlumatların mühafizəsi ilə AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi və s. qurumların məşğul olduğunu söylədi.

“Fərdi məlumatların beynəlxalq və ölkələr səviyyəsində “qara bazar”ı formalaşır”, – deyə bildirən institut direktoru “qara bazar”da təklif olunan xidmətlərdən söz açdı. Akademikin sözlərinə görə, “qara bazar”da qiymətlər şəxsin sosial statusundan asılı olaraq dəyişir və burada insan resurslarının formalaşdırılması üçün xakerlik kursları təşkil olunur. Həmçinin əksər  hallarda, ödənişlər kriptovalyuta ilə aparıldığından bu kimi kibercinayətlərlə mübarizə aparmaq xeyli çətinləşir.

R.Əliquliyev milli  mentalitetdə fərdi məlumatların qorunmasının mühüm əhəmiyyət kəsb etdiyini dedi, xüsusilə qadınların şəxsi və ailə həyatına dair fərdi məlumatlarının böyük həssaslığa malik olduğunu diqqətə çatdırdı.

Akademik fərdi məlumatların mühafizəsi ilə bağlı təkliflərini səsləndirdi, onun sosial-psixoloji, hüquqi, texnoloji və s. aspektləri üzrə multidissiplinar araşdırmaların aparılmasının, fərdi məlumatların mühafizəsi sahəsində yüksəkixtisaslı hüquqi, texnoloji və s. sferalar üzrə  kadrların hazırlanmasının zərurliyini vurğuladı. Akademik fərdi məlumatlar və onların qorunması mexanizmləri haqqında vətəndaşlara, xüsusilə gənclərə zəruri biliklərin verilməsi, təbliğat-maarifləndirmə işlərinin gücləndirilməsi, müntəzəm təlimlərin təşkil olunmasının, eləcə də beynəlxalq təcrübəni nəzərə alaraq ölkəmizdə fərdi məlumatların mühafizəsi siyasətini həyata keçirəcək milli qurumun yaradılmasının vacib məsələlərdən olduğunu bildirdi.

R.Əliquliyev, həmçinin fərdi məlumatların qeyri-qanuni ictimailəşdirilməsi hallarının aşkarlanması məqsədilə sosial media vasitələrinin monitorinqlərinin aparılması, ailə qurmağa hazırlaşan tərəflərin və onların yaxınlarının rastlaşa biləcəkləri sosio-psixoloji problemlərin, boşanma halların sayının minimallaşdırılması məqsədilə tərəflərin genetik uyğunluğunun müəyyənləşdirilməsi üçün tələb olunan fərdi genetik məlumatların müvafiq elektron reyestrlərdə toplanılmasına ehtiyac duyulduğunu vurğuladı.

Çıxışının sonunda akademik bu təkliflərin reallaşdırılmasında qadınları daha təşəbbüskar və fəal olmağa səslədi.

Konfransın sonunda müzakirələr aparıldı, təkliflər səsləndirildi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024