AMEA Mərkəzi Elmi Kitabxanasında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş tədbir keçirildi 2015-01-22 09:33:10 / KONFRANSLAR

Bu gün AMEA Gənc alim və mütəxəssislər şurasının (GAMŞ) təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi  Kitabxanasında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutunun GAMŞ-ın sədri texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov, sədr müavini Məmməd Həşimov, şuranın üzvləri – Könül DaşdəmirovaBabək Nəbiyev və Oqtay Ələkbərov iştirak edirdilər.

 

Öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Tədbiri giriş sözü ilə açan şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bu faciəni təkcə qanla yazılmış səhifə deyil, Azərbaycanın müstəqillik yolunda əldə etdiyi zəfər olduğunu vurğuladı. O, terror hadisəsinin Ümumxalq hüzn günü kimi əbədiləşdirilməsi və hadisənin ilk siyasi qiymətləndirilməsində ümummilli lider Heydər Əliyevin əvəzolunmaz rola malik olduğunu qeyd etdi.

 

Qanlı Yanvar şəhidlərinin dünyanın əksər ölkələrində də yad edildiyini bildirən şura sədri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə rəhbərliyinin gördüyü işlərdən danışdı.  F.Salmanov Azərbaycan gənclərini ölkənin tarixi və mədəni irsini qorumaq üçün əlindən gələni etməyə səslədi.

 

Sonra GAMŞ-ın sədr müavini, AMEA Nizami adına Ədəbiyyat institutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva qanlı hadisənin xronikası barədə məlumat verərək bu tarixin həm hüzn, həm də milli qürur günümüz olduğunu bildirdi.

 

Tədbirdə AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aqil Əhmədov, AMEA Mərkəzi Elmi Kitabxanasının elmi işçisi Günay Allahverdiyeva, AMEA Şərqşünaslıq İnstitunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı çıxış edərək faciə qurbanlarının qəhrəmanlığının heç vaxt unudulmayacağını, şəhidlərin əziz xatirəsinin daim uca tutulacağını vurğuladılar.

 

Sonda Azərbaycan xalqının yaddaşında silinməz iz qoyan hadisəni əks etdirən videoçarx nümayiş etdirildi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023