Akademik Rasim Əliquliyev: “İctimai rəyin formalaşdırılması üçün tətbiq olunan yanaşmalar dərindən öyrənilməlidir” 2019-03-06 17:00:00 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, şöbə müdiri, akademik Rasim Əliquliyev bu kimi seminarların mütəmadi olaraq keçirilməsinin elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması baxımından zəruriliyini vurğuladı.

İnstitutunun dissertantı Aynur Qurbanlı “Elektron xidmətlərdə sentiment analizin tətbiqi ilə əlaqədar bir yanaşma” mövzusunda məruzəni təqdim edərək problemin aktuallığı və tədqiqatın məqsədi haqqında məlumat verdi. Bildirdi ki, dövlət qurumları və digər təşkilatlar tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi, vətəndaşların razılıq və ya narazılıq səviyyəsinin müəyyən olunması və s. məsələlərin həllində emosiyaların analizi mühüm yer tutur.

A.Qurbanlı sosial media məlumatlarında (mesaj, paylaşım, statuslar, xəbərlər və s.) qeyd olunmuş fikirlərin anlaşıqlılığını təmin edən, o cümlədən  onların toplanması və analizində istifadə olunan metodlar haqqında məlumat verdi. Bildirdi ki, bu kimi tədqiqatlarda opinion mining və sentiment analiz metodlarından geniş istifadə olunur. “Opinion mining-in əsas xüsusiyyətlərindən biri fikirlərin hamısının bir toplum üzərindən analiz olunması və cəmiyyətin əhval-ruhiyyəsinin müəyyən edilməsidir”, – deyən məruzəçi sentiment analiz metodları və tədqiqatın hər mərhələsində yerinə yetirilən emal prosesi haqqında da məlumat verdi, “manual emal”, “sözlərin emalı”, “təbii dilin emalı” və “subyektiv təhlil” əməliyyatlarından danışdı.

“ASAN Viza” sistemi üzrə sentiment analiz metodunun iş prinsipi və əhəmiyyətindən söz açan A.Qurbanlı bu sistemin “Asan xidmət”dən istifadə edən vətəndaşların əhval-ruhiyyəsi və xidmətlərdən məmnunluğu barədə geniş məlumat verdiyini diqqətə çatdırdı.

Sonra akademik R.Əliquliyev çıxış edərək araşdırılan problemlərin aktuallığından bəhs etdi. Bildirdi ki, hər bir dövlətdə cəmiyyətdəki əhval-ruhiyyəni, problemləri avtomatik və dəqiq müəyyən etmək imkanına malik olan sistemə ehtiyacı duyulur. Cəmiyyətdəki əhval-ruhiyyənin aşkarlanması üçün əvvəlcə cəmiyyətin özünün analiz olunmasının zərurliyindən danışan şöbə müdiri cəmiyyətin idarə olunması və informasiya təhlükəsizliyi məsələlərinin sentiment analizlə sıx bağlı olduğunu söylədi. Alimin sözlərinə görə, hər bir xalqın özünəməxsus xüsusiyyətləri, milli, etnik normaları və adət-ənənələri olduğundan və emosiyanın analizində hər bir vətəndaşın psixoloji durumu şəraitdən, zamandan və s. parametrlərdən asılı olduğundan tədqiqatın daha səmərəli aparılması üçün psixologiya və sosiologiyaya dair elmi ədəbiyyatdan geniş istifadə olunmalıdır.

İnstitut direktoru sentiment analiz üzrə tədqiqatlarda mövcud olan yanaşmaların (qaydalara əsaslanan, lüğət əsasında və maşın təlimi) dərindən tədqiq edilməsini tövsiyə etdi. Alim bildirdi ki, emosiyaların analizində vətəndaşların yaş həddi, sosial vəziyyəti, dini də təsiredici amillərdəndir. Akademik qeyd etdi ki, tədqiqatın əsas hədəfi ictimai rəyin formalaşdırılması, insanların əhval-ruhiyyəsi və davranışlarının dəyişdirilməsi üçün tətbiq olunan metod və alqoritmlərin, yanaşmaların dərindən öyrənilməsi və elektron dövlət mühitində vətəndaşların xarici qüvvələr tərəfindən yönəldilən emosional təsirlərdən qorunması, informasiya təhlükəsizliyinin təmin olunmasıdır. Tədqiqat zamanı biliklərin aşkarlanması, ekspert sistemləri, linqvistik dəyişənlər, maşın təlimi əsasında qaydalar və digər yanaşmalardan istifadə etmək mümkündür.

Akademik “Sentiment analiz” üzrə tədqiqatların aparılmasının vacibliyindən danışaraq institutun əməkdaşları tərəfindən bu mövzuda aparılan araşdırma və nəticələr, elmi məqalələrlə yaxından tanış olmağı, tədqiqatların dərinləşdirilməsini, həll mexanizmlərinin dəqiq öyrənilməsini və növbəti seminar üçün təqdimatın hazırlanmasını tövsiyə etdi.

Daha sonra akademik R.Əliquliyev doktorant və dissertantların elmi fəaliyyəti ilə tanış oldu, tədqiqat mövzularının müasir dövrdə aktuallıq kəsb edən məsələlərə həsr olunduğunu bildirdi. Şöbədə ictimai rəyin idarə olunması ilə bağlı aparılan tədqiqatların dünyada gedən siyasi və iqtisadi proseslərlə əlaqədar strateji məsələlərdən olduğunu vurğuladı.

Sonda müzakirələr aparıldı, suallar cavablandırıldı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024