İnformasiya cəmiyyətinin inkişafına elmi dəstək verilir 2015-01-16 10:29:56 / KONFRANSLAR

Hazırda bütün dünya inqilabi dəyişikliklər dövrünü yaşayır. Bu dəyişikliklərin əsasında informasiya-kommunikasiya və digər yüksək elmi tutumlu texnologiyaların dinamik inkişafı dayanır. İnformasiya-kommunikasiya texnologiyaları insan fəaliyyətinin bütün sferalarına nüfuz edərək ənənəvi münasibətlər sistemini dəyişir, yeni reallıqlar, eyni zamanda, böyük təhlükələr yaradır. 

 

Azərbaycan da dünyada gedən bu proseslərdən kənarda qalmır. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə informasiya cəmiyyəti, elektron dövlət quruculuğu uğurla həyata keçirilir. Hazırda Azərbaycan İKT sektorunun inkişaf tempinə görə dünya ölkələri arasında ön sıralardan birini tutur. Müxtəlif nüfuzlu beynəlxalq təşkilatların son hesabatları da ölkəmizin bu nailiyyətlərini təsdiq edir. Bütün bunlar respublikanın dinamik sosial-iqtisadi tərəqqisinin və əhalinin həyat səviyyəsinin yüksəlməsinin, İnternet infrastrukturunun inkişafının, informasiya azadlığının yüksək səviyyədə təmin olunmasının göstəricisidir. 
Azərbaycanda informasiya cəmiyyəti quruculuğuna ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” əsasında başlanılmışdır. Milli Strategiya çərçivəsində ikimərhələli “Elektron Azərbaycan” dövlət proqramı həyata keçirilmişdir. Dövlət proqramı əsasında informasiya cəmiyyətinə keçidlə bağlı normativ-hüquqi baza və texniki infrastruktur formalaşdırılmış, müvafiq struktur islahatları aparılmış, telekommunikasiya sektorunda liberallaşdırma tədbirləri həyata keçirilmiş, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə informasiyalaşdırma proseslərinə start verilmişdir.
Artıq 11 ildən çoxdur ki, ölkəmizdə informasiya cəmiyyəti quruculuğu ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
2012-ci il dekabrın 29-da ölkə rəhbəri tərəfindən təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında Azərbaycanda keçid dövrünün başa çatdığı və yeni inkişaf mərhələsinin başlandığı bəyan olunub. Həmin tarixdən etibarən informasiya cəmiyyəti quruculuğu növbəti inkişaf mərhələsinə qədəm qoymuşdur. İnkişaf konsepsiyasında informasiya cəmiyyətinə keçidin təmin edilməsi, innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin və elektron xidmətlərin genişləndirilməsi, informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsi, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi, yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması kimi vəzifələr müəyyən edilmişdir. Həmin vəzifələrin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilmişdir.
Milli strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsidir. Bu məqsədlərə çatmaq üçün İKT infrastrukturu və xidmətləri, yüksək texnologiyalar sektorunun inkişafı və elmi-texniki potensialının gücləndirilməsi, elektron təhsilin, elektron səhiyyənin və elektron vətəndaşın inkişafı, kadr hazırlığı, informasiya təhlükəsizliyinin təmin edilməsi, milli kontentin inkişaf etdirilməsi kimi məsələlər öz əksini tapıb. 
Milli strategiyanın həyata keçirilməsi üçün 2014-2017-ci illəri əhatə edən tədbirlər planı hazırlanmışdır. Tədbirlər planının məqsədi milli strategiyada informasiya cəmiyyətinin inkişaf etdirilməsi üzrə birinci mərhələ üçün qarşıya qoyulan əsas məqsəd və vəzifələrin, fəaliyyət istiqamətlərinin həyata keçirilməsinin təmin edilməsidir. Bu planda nəzərdə tutulan 86 tədbirdən 27-də AMEA həmicraçı qurumlardan biri kimi nəzərdə tutulub. Bu, bir tərəfdən AMEA-ya, alimlərimizə göstərilən böyük etimaddırsa, digər tərəfdən də böyük məsuliyyətdir 
O cümlədən, yüksək texnologiyalar sektorunun inkişafı və elmi-texniki potensialın gücləndirilməsi, elektron təhsilin inkişafı, elektron vətəndaş problemlərinin həlli, informasiya cəmiyyəti üzrə kadr hazırlığının həyata keçirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi, milli elektron kontentin zənginləşdirilməsi tədbirləri ilə əlaqədar AMEA-nın üzərinə məsuliyyətli və şərəfli vəzifələr qoyulmuşdur. 
Keçən il AMEA İnformasiya Texnologiyaları İnstitutunda 17 may - Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti gününə həsr olunmuş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın hədəfləri: problemlər, vəzifələr və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Ölkənin müvafiq dövlət və elmi təşkilatlarının, biznes və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən konfransda milli strategiya ilə bağlı qarşıda duran məsələlər müzakirə edilmişdir.
Məlum olduğu kimi, informasiya cəmiyyətinin əsasında informasiyaya, biliklərə əsaslanan iqtisadiyyat dayanır. Bu yeni tip kreativ iqtisadiyyatın formalaşdırılması üçün ilk növbədə ölkədə müasir dövrün tələblərinə, çağırışlarına uyğun keyfiyyətli elm və təhsil sisteminin qurulması və onların hesabına yüksək texnologiyalar sektorunun inkişaf etdirilməsi lazımdır. Deməli, ölkənin dayanıqlı inkişafı elm, təhsil və yüksək texnologiyalar sahələrində səmərəli əməkdaşlıq əlaqəsinin qurulmasını, bu sahələrin inteqrasiyasını tələb edir. 
Milli strategiyada da nüvə, nano, kosmik və bio texnologiyaların inkişafı üzrə layihələrin həyata keçirilməsi öz əksini tapıb. Həmin istiqamətlərdə yüksək texnologiyaların inkişafı ölkəmizdə biliklər iqtisadiyyatının formalaşması və inkişafında mühüm rol oynayacaq. Bu məsələdə AMEA-nın da üzərinə mühüm vəzifələr düşür. 
Tədbirlər planında həmçinin AzScienceNet, AzGRİD şəbəkələrinin inkişaf etdirilməsi, ölkəmizdə Avropa Nüvə Tədqiqatları Mərkəzinin TİER-1 səviyyəli data mərkəzinin qurulması ilə bağlı məsələlər öz əksini tapmışdır. 
Qeyd etmək lazımdır ki, AMEA korporativ şəbəkəsinin əsasında yaradılmış AzScienceNet elm kompüter şəbəkəsi elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həyata keçirilməsində AMEA-nın institut və təşkilatlarını zəruri şəbəkə xidmətləri ilə təmin edir. AzScienceNet AMEA-nın əməkdaşlarına Wi-Fi, Eduroam, Cloud Computing, Hosting, e-mail və s. xidmətlər göstərir. 2011-ci ilin sonlarında AzScienceNet şəbəkəsi əsasında AMEA-nın institut və təşkilatlarında meydana çıxan strateji əhəmiyyətli böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həlli üçün DATA Mərkəzi (data-center) yaradılmışdır.
Azərbaycanda informasiya cəmiyyətinin inkişaf etdirilməsi ilə bağlı əsas hədəflərdən biri də İKT infrastrukturu və xidmətlərinin, o cümlədən genişzolaqlı İnternetin inkişaf etdirilməsi, optik şəbəkəyə əsaslanan genişzolaqlı infrastrukturun qurulmasıdır. AzScienceNet də öz fəaliyyəti ilə bu istiqamətdəki işlərə yaxından dəstək verir. Belə ki, AzScienceNet-in şəbəkə infrastrukturunun 95 faizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə fiber-optik kabel əsasında qurulmuşdur. AzScienceNet şəbəkəsinin texniki imkanlarının artırılmasından sonra İnternetə qoşulma sürəti 250 Mbit/san-yə çatdırılmışdır. İndiyə kimi 3000-ə yaxın kompüter AzScienceNet şəbəkəsinə qoşulmuşdur.
AzScienceNet şəbəkəsində həmçinin Eduroam xidməti yaradılmışdır. Bu şəbəkədə yerləşdirilmiş server respublika üzrə milli operator funksiyasını yerinə yetirir və 2011-ci il noyabrın 11-də TERENA təşkilatının nəzdində olan European Eduroam Confederation təşkilatında qeydiyyatdan keçmişdir. 
İnformasiya cəmiyyətinin əsas üstünlüklərindən biri də dövlət idarəçiliyi ilə bağlıdır. Elektron dövlət mühitində hakimiyyət orqanlarının fəaliyyətinin səmərəliliyi və şəffaflığı, vətəndaşlar qarşısında hesabatlılığı təmin olunur, idarəetmə xərclərinə qənaət edilir. Dövlət-vətəndaş, dövlət-biznes münasibətlərində maneələr aradan qaldırılır, dövlət informasiyasının və sənədlərinin əlyetərliliyi təmin olunur, vətəndaşların dövlət idarəçiliyində yaxından iştirakına şərait yaranır. 
Milli strategiyada ölkədə elektron dövlətin inkişaf etdirilməsi məsələlərinə mühüm əhəmiyyət verilir. Belə ki, dövlət orqanlarında müasir İKT-nin tətbiqi ilə idarəçiliyin metod və mexanizmlərinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, hesabatlılığın və şəffaflığın təmin edilməsi, təqdim olunan elektron xidmətlərin keyfiyyətinin və istifadəsinin artırılması, vətəndaşların dövlət idarəçiliyində iştirakı üçün münasib şəraitin yaradılması məsələləri öz əksini tapmışdır.
AMEA-nın Rəyasət Heyətində, institut və təşkilatlarında idarəetmə məsələlərində İKT-nin, elektron dövlət sisteminin tətbiqi sahəsində mühüm işlər görülmüşdür və bu proses davam etdirilir. AMEA-nın elmi müəssisələrində müxtəlif təyinatlı informasiya resursları yaradılır, onların hər birinin veb-saytı fəaliyyət göstərir. Həmçinin AMEA üzrə elektron sənəd dövriyyəsi sisteminin yaradılması istiqamətində işlər aparılır.
Ümumiyyətlə, AMEA Rəyasət Heyəti multidissiplinar araşdırmalara böyük dəstək verir. Xüsusən də elmi sahələrdə informatikanın, riyaziyyatın tətbiqini zamanın tələbi kimi, elmi müəssisələrin və alimlərin qarşısında prioritet vəzifələr kimi qoyur.
Bu vəzifələrə uyğun olaraq, AMEA-nın institutlarında elmi-tədqiqat işlərinin həyata keçirilməsində də İKT-nin imkanlarından maksimum dərəcədə istifadə edilir. Nəticədə ənənəvi fundamental elmi istiqamətlər yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Bütün bu proseslər e-elm konsepsiyasının tərkib hissələrini təşkil edir. 
Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” çərçivəsində elmi fəaliyyətin İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Həmçinin AMEA Rəyasət Heyətinin qərarı ilə “E-elm layihəsinin işlənməsi və reallaşdırılması” proqramı həyata keçirilir.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda e-elmin formalaşmasının elmi-nəzəri əsasları araşdırılır və təkliflər işlənilir. Bundan başqa, e-elmin bir istiqaməti kimi vətəndaş elminin formalaşması problemləri ilə bağlı araşdırmalara başlanmışdır.
Keçən il dekabr ayının 4-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Bakutel” beynəlxalq sərgi-konfransı çərçivəsində “Elektron dövlət quruculuğu problemləri” mövzusunda I respublika elmi-praktik konfransı keçirilmişdir. Konfransda elektron dövlət quruculuğunun aktual elmi problemlərinə nəzər salındı, onun formalaşması və inkişaf perspektivləri, ayrı-ayrı texnoloji və humanitar aspektləri ilə bağlı fikirlər, təkliflər irəli sürüldü. Ümumiyyətlə, konfransda ölkəmizin müxtəlif elm, təhsil müəssisələrindən, dövlət qurumlarından 90-a yaxın elmi məruzə təqdim olunmuşdu. Bu, bir tərəfdən, elektron dövlət quruculuğunun geniş, əhatəli bir proses olduğunu təsdiq edir, digər tərəfdən isə bizim alim və mütəxəssislərin bu məsələyə nə qədər geniş aspektdən yanaşdığını göstərir.
Ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılmasının əsas prioritetlərindən olan elektron təhsil sistemi İKT-nin təhsil prosesinin bütün mərhələlərinə inteqrasiyası ilə informasiya cəmiyyətinin tələblərinə uyğun müasir təhsil sisteminin qurulması, elektron təhsil informasiya resurslarının yaradılması, müəllimlərin kompüter biliklərinin artırılması, e-təhsil və distant təhsil sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi, fasiləsiz təhsil konsepsiyasının formalaşdırılması və inkişaf etdirilməsi kimi məsələləri əhatə edir. 
AMEA bu istiqamətdə görülən işlərə də yaxından dəstək verir. O cümlədən, informatika fənni üzrə proqramların, elmi nəşrlərin, dərsliklərin, dərs vəsaitlərinin, yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması, onların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işlər həyata keçirilir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunda ölkə üzrə doktorant və dissertantların elmi informatika fənninin tədrisi namizədlik minimumlarının qəbulunu həyata keçirən Tədris-İnnovasiya Mərkəzi fəaliyyət göstərir. 
Naxçıvanda və Gəncədə fəaliyyət göstərən elmi-tədqiqat və təhsil müəssisələrinin doktorant və dissertantlarına informatika fənninin tədrisi distant olaraq həyata keçirilir. 2003-2013-cü illər ərzində burada 12000-dən artıq doktorant və dissertant kurslarda iştirak etmiş və imtahan vermişdir. Mərkəzdə doktorant və dissertantların imtahanları onlayn test üsulu ilə qəbul edilir.
İnstitutun Tədris-İnnovasiya Mərkəzində həmçinin müntəzəm olaraq informatika və proqramlaşdırma üzrə olimpiadalar keçirilir. Mərkəz İKT sahəsində biliklərin sertifikatlaşdırılması, İT sahəsində konsaltinq xidmətlərinin göstərilməsi, İKT mütəxəssislərinin peşə səviyyələrinin artırılması, regionlarda kompüter tədrisi mərkəzlərinə dəstək verilməsi istiqamətində də fəaliyyət göstərir.
Bunlardan başqa, tədris-innovasiya mərkəzində olimpiadaya hazırlıq mərkəzi, gənc proqramçılar mərkəzi və viki-mərkəz yaradılmışdır. Olimpiadaya hazırlıq mərkəzində istedadlı azərbaycanlı məktəblilərin hər il keçirilən beynəlxalq informatika olimpiadasında ölkəmizi layiqincə təmsil etmələri üçün onlar peşəkar mütəxəssislər tərəfindən həmin tədbirlərə hazırlaşdırılırlar.
Gənc proqramçılar mərkəzinin əsas məqsədi yeniyetmə gənclərə yüksək ixtisaslı proqramçıların rəhbərliyi ilə proqramlaşdırma üzrə yeni biliklərin tədrisi, mütəxəssislərlə real interaktiv ünsiyyətin qurulması, o cümlədən Azərbaycanın beynəlxalq müsabiqələrdə layiqli təmsil olunması üçün peşəkar proqramçılar yetişdirməkdir.
Viki-mərkəz AMEA Rəyasət Heyətinin 15 yanvar 2014-cü il tarixli “Vikipediya ensiklopediyasında Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafında alimlərin vəzifələri haqqında” qərarına əsasən yaradılmışdır. Burada AMEA-nın institutut və təşkilatlarının əməkdaşları üçün viki-kurslar təşkil olunur. Onlara vikipediyada səmərəli fəaliyyət göstərmələri üçün nəzəri və praktiki biliklər verilir. 
Qeyd etmək lazımdır ki, AMEA-nın vikipediya ilə bağlı fəaliyyəti milli strategiyanın əsas istiqamətlərindən biri olan milli kontentin inkişaf etdirilməsi məqsədlərinə xidmət edir. Belə ki, milli strategiyada informasiya cəmiyyətinin inkişafı şəraitində milli kontentin genişləndirilməsinə, ölkəmizin milli-mədəni irsinin qorunub saxlanılmasına və inkişafına, əhalinin ondan müasir texnologiyalar vasitəsilə istifadəsinə və bilik səviyyəsinin artırılmasına diqqət yetirilməsinin vacibliyi vurğulanır.
Məlum olduğu kimi, informasiya cəmiyyətində virtual mühitin formalaşdığı bir şəraitdə informasiya təhlükəsizliyi məsələsi xüsusi aktuallıq kəsb edir. Başqa sözlə, informasiya cəmiyyətinin dayanıqlı inkişafı informasiya təhlükəsizliyinin təmin olunma səviyyəsindən birbaşa asılıdır. Azərbaycanda da informasiya cəmiyyəti ilə bağlı həyata keçirilən dövlət siyasətində informasiya təhlükəsizliyi məsələsinə xüsusi əhəmiyyət verilir. 
Milli strategiyada da ölkənin informasiya məkanının təhlükəsizliyinin təmin olunması, İKT-dən istifadədə inamın artırılması, həmin sahəni tənzimləyən normativ-hüquqi bazanın inkişaf etdirilməsi, məlumatlandırma və maarifləndirmənin həyata keçirilməsi bu istiqamətin əsas məqsədlərindəndir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun əsas elmi-tədqiqat istiqamətlərindən biri də məhz informasiya təhlükəsizliyinin texnoloji və humanitar aspektləri ilə bağlıdır. 
Milli strategiyada elektron səhiyyə sisteminin formalaşdırılması məqsədi də öz əksini tapıb. İKT-nin səhiyyədə tətbiqinin genişləndirilməsi, tibb işçilərinin və pasiyentlərin İKT imkanlarından istifadə etməklə ən son tibbi məlumatları əldə etmələrinin təmin olunması, hamı üçün vaxtında, əlçatar və effektiv tibbi xidmətin inkişafına töhfə verilməsi bu istiqamətin əsas hədəflərindəndir. AMEA İnformasiya Texnologiyaları İnstitutunda da tibbi informatikanın elmi-nəzəri və praktiki əsasları istiqamətində tədqiqatlara başlanmışdır. 
Bütövlükdə, AMEA öz fəaliyyəti ilə Azərbaycanda informasiya cəmiyyətinin inkişafına, elektron dövlət quruculuğuna, biliklər iqtisadiyyatının formalaşmasına hərtərəfli elmi dəstək verir. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən dövlət proqramlarında yaxından iştirak edir. Bunun üçün Azərbaycanda elmin populyarlaşdırılması, gənclərdə elmə marağın artırılması, elmi innovasiyaların təşviqi istiqamətində məqsədyönlü işlər aparılır.

 

Rasim Mahmudov,

AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri

"Azərbaycan" qəzeti, 9 yanvar 2014-cü il

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023