Pasiyent yönümlü yanaşma e-tibbin prioritetlərindəndir 2015-01-16 09:57:43 / KONFRANSLAR

Məlum olduğu kimi, AMEA İnformasiya Texnologiyaları İnstitutunda elektron tibb problemləri istiqamətində araşdırmalar aparılır. İnstitutun şöbə müdiri, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova öz tədqiqatlarında e-tibb sahəsində beynəlxalq təcrübə və layihələr, e-tibb modellərifərd-mərkəzli sistemlər və s. kimi məsələlərə toxunur.     

 

Araşdırma müəllifinin bildirdiyinə görə, elektron tibb sahəsində vahid dünya təcrübəsi mövcud olmasa da, inkişaf etmiş ölkələrdə e-səhiyyənin (eHealth) yaradılmasının müxtəlif modelləri hazırlanmışdır. Bu modellər ölkədəki səhiyyənin maliyələşdirilməsi və təşkili prinsiplərindən asılıdır.

 

Tədqiqatçı elektron tibb sisteminin yaradılmasında həlledici rola malik olan dövlətin bu sahənin inkişafında əsas investor və vergi ödəyicilərinin vəsaitlərinə cavabdeh olduğunu bildirib. Hər bir ölkədə dövlət e-səhiyyəsinin fərqli istiqamətlər üzrə inkişaf etdiyini söyləyən M.Məmmədova qeyd edib ki, müxtəlif regionlarda tibbin dövlət tərəfindən tənzimlənməsi tətbiqi məsələlər, o cümlədən siyasi məqsəd və məramların seçimini şərtləndirir.

 

O, həmçinin elektron tibb sahəsində Avropa Birliyi (AB) tərəfindən maliyələşdirilən proqram, ABŞ-da elektron hökumət çərçivəsində “Tibb seqmentinin yaradılmasının kompleks proqramı” və Kanadada mövcud olan elektron tibb sistemi haqqında məlumat verib. Bildirib ki, AB-nin “E-səhiyyə Fəaliyyət Planı 2012-2020 – 21-ci əsr üçün innovativ səhiyyə” proqramı milli və transmilli səviyyədə İKT həllərini nəzərdə tutur.

 

Onun sözlərinə görə, e-səhiyyə AB-yə daxil olan ölkələrdə elektron sağlamlıq pasportu (kartı), tibb xidmətlərinin fərdiləşdirilməsi, İKT infrastrukturu, eləcə də səhiyyənin inkişafı barədə məlumatların regional mərkəzlərinin yaradılması, tibbi verilənlərin elektron mübadiləsinin təşkili, teletibb, sorğu tipli məlumatlar və təsnifatların vahid reyestrinin yaradılması kimi istiqamətlər üzrə aparılır. Avropada milli proqramlardan əlavə, Avropa İttifaqının vahid e-səhiyyə (e-health) proqramı reallaşdırılır. Analoji milli proqramlar nəzərə alınmadan “E-health” ümumavropa proqramı çərçivəsində  AB-nin investisiya həcmi artıq 317 milyon avro təşkil edir.

 

Qeyd edib ki, Avropa ölkələrinin hər birində elektron tibb sahəsində strategiyalar işlənib hazırlanır. Bu məqsədlə elektron tibbi qeydiyyatlar üçün standartlar işlənmişdir: “Bu standartlar əsasında 23 Avropa İttifaqı ölkəsini birləşdirən epSOS (European Patients - Smart open Services) kimi genişmiqyaslı pilot layihələr həyata keçirilir və müəyyən nailiyyətlərin əldə edilməsinə imkan yaradır. Onun əsas məqsədi eHealth-in tətbiqi əsaslarının işlənməsi və pasiyent haqqında ümumiləşdirilmiş qısa tibbi məlumatların İKT vasitəsilə transsərhəd əlyetərliyinin təmin edilməsidir.

 

Dünya üzrə tətbiq olunmuş e-tibb modellərini diqqətə çatdıran tədqiqatçı 2002-ci ildən İngiltərədə elektron tibbi kartların milli bazasının yaradılması ilə pasiyentlərin müalicəsinin keyfiyyətinin yaxşılaşdırılması üçün e-səhiyyə quruculuğu vasitəsi olan  “Yuxarıdan aşağı” strategiyasının həyata keçirildiyini söyləyib. “12,7 milyard funt sterlinq dəyərində olan “Yuxarıdan aşağı” strategiyası ölkənin bütün vətəndaşlarının elektron tibbi kartlarının vahid milli bazasının yaradılması, işlək lokal sistemlərin mərkəzləşdirilmiş sistemlə əvəzlənməsini nəzərdə tutur” – deyə bildirən M.Məmmədova bu strategiyanın 2010-cu ildə rəsmi olaraq iflasa uğradığını və əhalisi 5-10 milyondan artıq olan ölkələrdə və regionlarda istər vaxt, istərsə də maliyə baxımından səmərəsiz olduğunun üzə çıxarıldığını qeyd etdi. O, Avropa İttifaqı ölkələrində də bu yanaşmanın səhiyyənin informasiyalaşdırılması üzrə vahid milli sistemin yaradılmasında ciddi problemlərin aşkarlanmasına başlıca səbəb ola biləcəyini nəzərə çatdırıb.

 

Araşdırma müəllifi Avropa səhiyyə sisteminin əsas çatışmazlıqlarından danışaraq bu problemlərin sistemin institusional parçalanmasından irəli gəldiyini vurğulayıb. Bildirib ki,  bunun nəticəsində müalicənin fraqmentar diaqnostikaya əsaslanması və pasiyentin xəstəliklərinin tarixi barədə məlumatların əldə olunmasında maneələr yaranmışdır. Pasiyentin keçdiyi tibbi müayinələri yenidən təkrarlamaq vacibliyi müalicə xərclərini əhəmiyyətli dərəcədə artırır və tibbi müəssisələri dəstəkləyən mövcud informasiya sistemlərinin işində uyğunsuzluq yaradır.

 

Bu sahədə ABŞ təcrübəsindən danışan tədqiqatçı ölkənin inkişaf etmiş dövlətlər arasında kommersiya tibbinin inkişafı baxımından lider olduğunu söyləyib. Qeyd edib ki, ABŞ-da dövlət klinikaları dövlət statusunda olan və müvafiq fondlar tərəfindən maliyələşdirilən kommersiya müəssisələridir. Onlar vəsait əldə etmək üçün müvafiq bazarda olan digər müəssisələrlə rəqabət aparır. Rəqabət mühitində əsas arqument həm yüksək həkim xidməti, həm də iqtisadi effektivliyin nümayişidir.

 

ABŞ-da elektron hökumət çərçivəsində “Tibb seqmentinin yaradılmasının kompleks proqramı”nın üstünlüklərini dilə gətirən M.Məmmədova bu proqramın elektron sağlamlıq pasportu, səhiyyə maraqları çərçivəsində milli informasiya infrastrukturu, tibbi məlumatların regional mərkəzləri, tibbi verilənlərin elektron mübadiləsi, əhalinin tibbi kartlarının elektron formata keçirilməsi istiqamətlərində həyata keçirildiyini ifadə edib. Onun sözlərinə görə, bu ölkədə 2009-cu ilə qədər maliyələşmənin orta illik həcmi 1 milyard, 2009-2013-cü illərdə isə 10 milyard ABŞ dolları təşkil etmişdir.

 

Bildirib ki, ABŞ-da tətbiq olunmuş “Aşağıdan yuxarı” strategiyasında həkimlərin Tibbi İnformasiya Sistemlərindən (TİS) istifadəsinin stimullaşdırılması üçün klinik informasiyanın əvvəlcə regional, sonra milli səviyyədə mübadiləsi aparılır. Məlumatlar pasiyentin müalicə aldığı tibb müəssisəsinin TİS-də saxlanılır, lakin ehtiyac yarandığı halda, həm region, həm də ölkənin istənilən bölgəsinin müxtəlif tibb müəssisələrində fəaliyyət göstərən həkimlər üçün əlçatan olmalıdır. Lakin burada da, ETK-nın ölkə səviyyəsində tətbiqi ilə bağlı bir sıra problemlər mövcuddur.

 

M.Məmmədovanın bildirdiyinə görə, elektron sağlamlıq kartı, İKT infrastrukturunun inkişafı, klinika, hospital, laboratoriya, aptek və digər tibb müəssisələrini birləşdirən İT infrastrukturu, o cümlədən sorğu tipli məlumatlar və təsnifatların vahid reyestrinin yaradılması və s. istiqamətlər üzrə formalaşdırılmış Kanada elektron tibb sisteminin orta illik maliyə dəyəri 400 milyon Kanada dolları həcmindədir.

 

Araşdırma müəllifi qeyd edib ki, həm ABŞ-da, həm də Avropa ölkələrində sınaqdan keçirilmiş strategiyalar özünü doğrultmadığından elektron səhiyyə konsepsiyasına fərd-mərkəzli yanaşma anlayışının daxil edilməsi və fərd-yönümlü  səhiyyə sisteminin  yaradılması planlaşdırılmışdır. Bu sistem pasiyentin fərdi məlumatlarına (sağlamlığın elektron kartı) elektron əlyetərliyin olması, tibbi biliklərin İnternet vasitəsilə əldə olunması, informasiya texnologiyalarının köməyi ilə müalicə prosesinin və tibbi xidmətin keyfiyyətli idarə olunması, müxtəlif tibbi xidmətlərin və müəssisələrin inteqrasiyası vasitəsilə bir sıra problemlərin aradan qaldırılması və s. ilə səciyyələnir.

 

M.Məmmədovanın sözlərinə görə, hazırda pasiyentlərin öz şəxsi sağlamlıqlarının qeydinə qalmağa cəlb edilməsi - səhiyyənin modernləşdirilməsinin əsas beynəlxalq trendi və səhiyyədə informasiya texnologiyalarının tətbiqinin  mühüm vəzifəsidir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024