İşıq şüaları 3D-çap prosesini 100 dəfə sürətləndirməyə kömək edib 2019-01-18 09:05:00 / TEXNOLOJİ YENİLİKLƏR

ABŞ-ın Miçiqan Universitetinin mütəxəssisləri yeni 3D-çap metodu hazırlayıblar. Bu üsul müxtəlif üçölçülü obyektləri qat-qat deyil, bütünlüklə qurmağa imkan verir.

Tədqiqatçılar xüsusi duru qatrandan və dalğaların uzunluğu ilə fərqlənən iki işıq mənbəyindən istifadə etməyi təklif ediblər. Yeni metodun özəlliyi ondan ibarətdir ki, şüalar materialın bərkiməsinə nəzarət etməyə kömək edir. Bir işıq mənbəyi qatranın bərkiməsinə kömək edir, digəri isə bu prosesin dayandırılması üçün nəzərdə tutulub. Belə yanaşma sayəsində tədqiqatçılar predmetin hansı hissəsinin bərkidiyini və ya hələ maye halında qaldığını yoxlaya bilirlər.

robo-hunter.com saytının məlumatına görə, çap prosesi tökmə üsuluna bənzəyir. Sanki obyekti qabdan “itələyib çıxarırlar”. Şüalar tədricən duru materialdan lazımi bərk predmeti formalaşdırır. Yeni üsuldan istifadə etməklə üçölçülü “M” hərfi və kiçik gəmi hazırlanıb.

Mütəxəssislər iddia edirlər ki, yeni metodun köməyilə qurulmuş məmulatlar daha möhkəmdir. Bu, onunla bağlıdır ki, bir neçə qatla çap edilmiş predmetlərdə qatların arasında zəifləmiş sahələr meydana çıxır. Buna görə onlar uzunömürlü olmurlar.

Alimlərin fikrincə, yeni üsuldan istifadə zamanı qatrana xüsusi tozlar əlavə edilərsə, ondan hazırlanmış predmetlər daha davamlı olar. Tədqiqatçılar, həmçinin işıq printerinin ənənəvi 3D-printerlərdən 100 dəfə sürətli olduğunu bildiriblər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024