“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” mövzusunda IV respublika konfransı keçirildi 2018-12-14 16:00:00 / KONFRANSLAR

Dekabrın 14-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” mövzusunda IV respublika konfransı keçirildi. Konfransda ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları (İT) sahəsi üzrə tədqiqatçıları və mütəxəssisləri, KİV nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə qlobal informasiya cəmiyyətinin ən aktual elmi problemlərindən biri olan və multidissiplinar xarakter daşıyan informasiya təhlükəsizliyi üzrə konfransın böyük əhəmiyyətə malik olduğunu söylədi.

“İnformasiya cəmiyyətinin uğurlu, dayanıqlı inkişafının təmin edilməsi informasiya təhlükəsizliyinin təmin olunması səviyyəsindən birbaşa asılıdır”, – deyə bildirən AMEA prezidenti qeyd etdi ki, müasir dünyada rəqəmsallaşdırma və virtual münasibətlər genişləndikcə informasiya təhlükəsizliyinin rolu da artmaqdadır. İnformasiya təhlükəsizliyi milli təhlükəsizlik sisteminin ən mühüm istiqamətlərindən birinə çevrildiyini vurğulayan alim bildirdi ki, bu gün informasiya təhlükəsizliyinin kompleks təminatı həyata keçirilmədən milli suverenliyin qorunması, beynəlxalq terrorizim, kibercinayətkarlıq, kriminal iqtisadiyyatla mübarizə, şəxsi həyatın toxunulmazlığının təmin edilməsi kimi problemlərin uğurlu həlli mümkün deyil.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə informasiya cəmiyyəti quruculuğu prosesinin uğurla həyata keçirildiyini söyləyən A.Əlizadə ölkəmizin informasiya cəmiyyəti, onun mühüm istiqamətləri olan genişzolaqlı İnternet, eləcə də elektron dövlətin inkişaf tempinə görə dünyada layiqli mövqelərdən birini tutduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu inkişaf prosesləri ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunmasının da aktuallığını artırır.

“Son illər ölkəmizdə informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə qanunvericilik, infrastruktur, kadr hazırlığı, maarifləndirmə və s. istiqamətlərdə mühüm işlər görülməkdədir”, – deyən A.Əlizadə bu məqsədlə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun qəbul edildiyini, Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi üzrə Milli Strategiyanın layihəsinin işlənib hazırlandığını və digər işlərin həyata keçirildiyini dedi.

Alim qeyd etdi ki, bununla yanaşı, xarici ölkələrdən texnoloji asılılığın aradan qaldırılması üçün yüksəkixtisaslı kadrların yetişdirilməsi, İKT sənayesinin, o cümlədən proqram mühəndisliyi sənayesinin formalaşdırılması, informasiya təhlükəsizliyi üzrə gənc kadrların yetişdirilməsi vacib məsələlərdəndir.

Akademik AMEA-da informasiya təhlükəsizliyi üzrə yüksəkixtisaslı elmi kadrların hazırlanması işlərinin həyata keçirildiyini bildirərək İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyinin dövlət maraqları baxımından mühüm əhəmiyyət kəsb edən bir sıra aktual istiqamətləri üzrə elmi tədqiqatların aparıldığını, dissertasiya işlərinin yerinə yetirildiyini nəzərə çatdırdı. Həmçinin qeyd etdi ki, AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet elm-kompüter şəbəkəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz informasiya təhlükəsizliyi ilə bağlıdır.

A.Əlizadə ölkəmizin informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi və inkişafı üçün bu kimi elmi-nəzəri konfrasların və ictimai müzakirələrin keçirilməsinin vacib olduğunu söyləyərək artıq ənənə halını almış bu konfransın gələcəkdə beynəlxalq səviyyəli elmi toplantıya çevrilməsinin zəruriliyini vurğuladı.

Sonra AR Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək artıq dördüncü dəfədir keçirilən konfransın əhəmiyyətini qeyd etdi. Bu kimi tədbirlərin keçirilməsinin informasiya təhlükəsizliyinin aktual problemlərinin müzakirəsi baxımından böyük imkanlara malik olduğunu söylədi.

 
    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017