İnstitutun əməkdaşları “RİNOTEX 2018” beynəlxalq sərgisində iştirak ediblər 2018-11-13 16:34:00 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdirləri – fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov və texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev İran İslam Respublikasının Təbriz şəhərində keçirilən Rəb-e-Rəşidi adına VI Beynəlxalq İnnovasiya və Texnologiya Sərgisində (“RİNOTEX 2018”) iştirak ediblər. Səfər çərçivəsində, həmçinin bir sıra ali təhsil və elmi-tədqiqat müəssisələri, eləcə də müxtəlif şirkətlərdə görüşlər keçirilib.

İnstitutun əməkdaşları sərginin açılış mərasimində rəsmi qonaq qismində iştirak ediblər.

Sonra “RİNOTEX 2018” beynəlxalq sərgisinin təşkilatçısı olan İranın Rəb-e-Rəşidi adına Xüsusi Elm və Texnologiyalar Zonasının direktoru, Şərqi Azərbaycan əyaləti valisinin elm və texnologiya məsələləri üzrə nümayəndəsi Əli Cahangiri ilə görüş keçirilib. Ə.Cahangiri qonaqlara sərgi haqqında ətraflı məlumat verib.

Görüşdə İnformasiya Texnologiyaları İnstitutu və sərgidə iştirakçı kimi təmsil olunan ali təhsil və elmi-tədqiqat müəssisələri, bir sıra şirkətlər arasında əməkdaşlıq əlaqələrin qurulması imkanları müzakirə olunub.

Səfər çərçivəsində İranın Aqrar Biotexnologiya Elmi-Tədqiqat İnstitutunun Təbrizdəki Şimal-şərq və Şərq regionu üzrə filialında da görüş keçirilib. Filialın direktoru Məhəmməd Əmin Hicazi qurumda yerinə yetirilən elmi-tədqiqat işlərindən danışıb. Filialın gənc alimləri qonaqları bu elm müəssisəsində aparılan elmi-tədqiqat işləri ilə əyani tanış ediblər.

İranın Şərqi Azərbaycan əyaləti üzrə Azad İslam Universitetinin rektoru Əziz Cavanpur və universitetin professor-müəllim heyəti ilə keçirilən görüşdə qurumda həyata keçirilən tədris prosesi və aparılan tədqiqatlar haqqında məlumat verilib. T.Kazımov və F. Ağayev fəaliyyət göstərdikləri qurumda yerinə yetirilən tədqiqat istiqamətləri və praktiki fəaliyyət barədə görüş iştirakçılarını məlumatlandırıblar. 

Daha sonra Şərqi Azərbaycan elm və texnologiyalar texnoparkında, eləcə də Təbriz yaxınlığındakı Azərbaycan Şəhid Mədəni Universitetində (AŞMU) görüşlər keçirilib. Universitetin rektoru Həsən Vəlizadənin rəhbərlik etdiyi heyətlə baş tutan görüşdə AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində müzakirələr aparılıb. Görüşdə, həmçinin AŞMU və AMEA arasında əməkdaşlığa dair məktub hazırlanıb.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017