E-dövlət mühitində cəmiyyətdəki münasibətlərin avtomatik aşkarlanması sistemi işlənilir 2018-11-06 17:00:00 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “E-dövlət mühitində cəmiyyətdəki münasibətlərin avtomatik aşkarlanması sisteminin konseptual modeli” mövzusuna həsr olunmuş elmi seminar keçirildi.

İnstitutun 17 saylı şöbəsinin əməkdaşı, baş mütəxəssis İradə Ələkbərova məruzəni təqdim edərək öncə problemin aktuallığını diqqətə çatdırdı. Bildirdi ki, elektron dövlətin formalaşdığı müasir cəmiyyətdə müxtəlif infrastrukturlarda çox böyük həcmdə fərdi məlumatlar toplanılaraq strukturlaşdırılmış, əksər hallarda isə strukturlaşdırılmadan saxlanılır. Bu fərdi məlumatların bir hissəsi müxtəlif məqsədlər üçün istifadə olunsa da, böyük qismi istifadə olunmur. Banklar, sığorta şirkətləri, işə qəbul komissiyaları və s. sektorlarda vətəndaşların şəxsi həyatı, cəmiyyətdə və virtual məkanda davranışı haqqında fərdi məlumatlara maraq çoxalmaqdadır.

“Fərdi məlumat dedikdə şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat nəzərdə tutulur”, – deyə bildirən baş mütəxəssis fərdi məlumatların toplanılması, emalı və ötürülməsinin yalnız “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirildiyini dedi.

Fərdi məlumatların açıq və ya gizli olduqlarını bildirən məruzəçi açıq fərdi məlumatların mənbələrinə sorğu sistemləri, ünvan kitabçaları, təşkilatlarının açıq veb-saytlarının, gizli fərdi məlumatların mənbələrinə isə sosial media, rəqəmsal iz, səhiyyə üzrə hesabatlar, təhlükəsizlik sistemlərinin aid olduğunu qeyd etdi.

O, fərdi məlumatların informasiya sistemlərinin kateqoriyaları haqqında da məlumat verdi. Biometrik, açıq, gizli, xüsusi kateqoriyalı, maliyyə xarakterli və digər fərdi məlumatları emal edən informasiya sistemlərinin mövcud olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, sosial media üzərindən açıq fərdi məlumatları emal etməklə də gizli məlumatları aşkarlamaq, qiymətləndirmə aparmaq və proqnozlaşdırmaq mümkündür.

Rəqəmsal izin (digital footprint) rəqəmsal fəzada istifadəçi haqqında verilənlər bazasını təşkil etdiyini vurğulayan İ.Ələkbərova ondan monitorinqlərin aparılması, təhlükəsizlik məsələləri, sosial və iqtisadi tədqiqatlarda istifadə olunduğunu qeyd etdi. Əlavə etdi ki, rəqəmsal izlərin analizində maşın təlimi, verilənlərin intellektual analizi, “text mining”, nitqin emalı kimi müxtəlif analitik yanaşmalardan istifadə olunur.

Sonra o, cəmiyyətdəki münasibətlərin avtomatik aşkarlanmasının konseptual modelini seminar iştirakçılarına təqdim etdi, sistemin üstünlükləri və analiz metodlarından danışdı. Qeyd etdi ki, sistemdə hər bir vətəndaş üçün fərdi verilənlər gölünün (data lake) qurulması “Big data” probleminin qismən həll olunmasına səbəb ola bilər.

İ.Ələkbərova araşdırmaların nəticəsi haqqında məlumat verərək bildirdi ki, e-dövlət mühitində sosial münasibətlərin analizi üçün nəzərdə tutulan fərdi məlumatlar və onların mənbələri müəyyənləşdirilmiş, fərdi məlumatların informasiya sistemləri analiz olunmuş və təsnifatlandırılmışdır. Həmçinin cəmiyyətdəki münasibətlərin avtomatik aşkarlanması sisteminin konseptual modeli hazırlanmışdır.

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev məsələnin aktuallığını önə çəkərək bildirdi ki, cəmiyyətdəki münasibətləri aşkarlamaq üçün öncə cəmiyyətin analiz edilməsi, münasibətlərin təsnifatlandırılması, vətəndaşlar arasında sosial əlaqələrin xüsusiyyətinin öyrənilməsi tələb olunur.

R.Əliquliyev bu istiqamətdə elmi fəaliyyətin sürətləndirilməsini, eləcə də tədqiqat zamanı qraflar nəzəriyyəsindən istifadə olunmasını, cəmiyyətin idarə olunması məsələlərinin dərindən öyrənilməsini tövsiyə etdi.

Seminarda, həmçinin 14 dekabr 2018-ci il tarixdə keçiriləcək “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” IV respublika konfransına təqdim olunacaq tezislərlə bağlı müzakirələr aparıldı. Akademik R.Əliquliyev şöbə əməkdaşlarının məşğul olduqları elmi tədqiqatlarla bağlı tövsiyələr verdi, hər bir istiqamət üzrə mövcud problemlər və perspektivlərin müəyyənləşdirilməsinin vacib olduğunu bildirdi.

Şöbədə aparılan araşdırmaların hər birinin aktuallıq kəsb etdiyini deyən alim bu mövzulara dair mütəmadi olaraq şöbədaxili seminarların keçirilməsinin zəruriliyini vurğuladı.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017