Kompüter texnikasının əsasları araşdırılır 2018-11-01 15:00:00 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 18 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Şöbənin əməkdaşı Zümrüd Qənbərova “Kompüter texnikasının əsasları” mövzusunda məruzəni təqdim edərək hesablama vasitələrinin inkişaf tarixindən danışdı, cəmləyici maşın, arifmometr, analitik maşın, proqramla idarə olunan ilk kompüter, ilk universal kompüter (ENIAC) haqqında ətraflı məlumat verdi.

Z.Qənbərova kompüter nəsillərinin xüsusiyyətlərindən bəhs edərək 5-ci nəsil kompüterlərin üstünlüklərini diqqətə çatdırdı. Qeyd etdi ki, kompüter sənayesinin və süni intellektin inkişafı ilə geniş yayılan bu kompüterlər daha yüksək məhsuldarlığa və iş etibarlılığına malik olmaqla yanaşı, keyfiyyət baxımından yeni funksional tələblərə cavab verir.

Qabarit ölçülərinə və məhsuldarlığına görə kompüterlərin böyük, çox böyük (super), orta, kiçik (mini), mikro-kompüterlər kimi siniflərə bölündüyünü deyən məruzəçi bu siniflərin hər birinə aid olan kompüterlərin imkanları barədə danışdı.

O, kompüter arxitekturasında Con Fon Neymanın 40-cı illərdə təklif etdiyi prinsiplərin əsas götürüldüyünü bildirərək Neyman arxitekturalı hər bir kompüterin mərkəzi və periferiya hissələrindən ibarət olduğunu dedi, bu hissələrin bir-biri ilə sistem interfeysi vasitəsilə əlaqələndirildiyini söylədi.

Z.Qənbərova, həmçinin Neyman arxitekturasını, eləcə də kompüterin arxitektura və strukturunu təqdim etdi.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017