Miniatür proyektora malik “ağıllı” eynək 2018-10-24 16:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

ABŞ-ın “North” şirkəti “Focals” adlı “ağıllı” eynəyini nümayiş etdirib.

hitech.newsru.com saytının məlumatında bildirilir ki, xarici görünüşünə görə adi eynəklərdən fərqlənməyən “ağıllı” qurğuda informasiyanın göstərilməsi üçün təsvirləri eynək şüşəsində əks etdirən və onları birbaşa gözün qüzehli qişasına proyeksiya edən quraşdırılmış kiçik proyektordan istifadə olunur. Bu, holoqram effekti qurmağa imkan verir.

Yeni “ağıllı” eynək məhdud funksionallığa malikdir. Onun vasitəsilə bildirişlərə, təqvim qeydlərinə, hava proqnozuna və müəyyənləşdirilmiş marşrut üzrə hərəkət zamanı göstərişlərə baxmaq mümkündür. Bundan əlavə, eynək “Alexa” səsli köməkçi funksiyasını dəstəkləyir. Qurğunun idarə edilməsi üçün dəstə daxil olan “ağıllı” üzükdən istifadə təklif olunur.

Hazırda qiyməti 99 dollar təşkil edən “Focals” eynəyi üçün şirkətin veb-saytında ilkin sifarişlər qəbul olunur. Düzbucaqlı çərçivəyə malik eynəyin dekabrda, yumru çərçivəli modelin isə növbəti ilin əvvəlində satışa çıxarılması planlaşdırılır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023