Robot-vəkil 2018-10-12 18:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Ödənişsiz hüquq xidmətləri təklif edən robot-vəkil artıq “iOS” platformasında əlçatandır. Proqramın mahiyyəti belə ifadə edilir: “Bir düymə ilə məhkəməyə iddia göndər”. Burada, əsasən, korporasiyalarla məhkəmə prosesləri və insanlar arasında mübahisələrin həlli üzrə mürəkkəb mülki işlərdən söhbət gedir.

techcult.ru saytının məlumatına görə, süni intellektlə təchiz olunmuş “DoNotPay” müştəriyə müraciətin mahiyyəti və kimə qarşı iddia irəli sürməsi barədə suallar verir. Sonra robot ərizənin verilməsi üçün lazımi sənədləri tərtib edir və müştərinin məhkəmədəki çıxış mətnini hazırlayır.

Robotu ABŞ-ın Stenford Universitetinin tələbəsi, proqramçı Coşua Brauder 18 yaşında yaradıb. Əvvəlcə “DoNotPay” çoxsaylı park cərimələrinə etiraz məqsədilə məhkəməyə iddia göndərilməsi üçün nəzərdə tutulmuşdu. Robotun proqram təminatı təkmilləşdirildikdən sonra o, artıq ABŞ-ın əksər ştatlarında hüquq xidmətləri təklif etməyə başladı.

Brauder layihə üçün ilkin mərhələdə 1,1 milyon dollar maliyyə cəlb edə bilib. Hazırda “DoNotPay”in xidmətləri tamamilə ödənişsizdir. Gələcəkdə ödənişli ixtisaslaşdırılmış hüquq konsultasiyalarının əlçatan olacağı bildirilib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023