İlk sürücüsüz tramvay nümayiş etdirilib 2018-09-25 14:33:00 / TEXNOLOJİ YENİLİKLƏR

Almaniyanın “Siemens” şirkəti “InnoTrans-2018” dəmir yolu nəqliyyatı və innovasiyaları sərgisində “Combino” adlı sürücüsüz tramvayını nümayiş etdirib. Sürücüsüz tramvay Şərqi Almaniyada yerləşən Potsdam şəhərinin küçələrində sınaqdan keçirilib. Şəhər sakinlərini narahat etməmək üçün tramvay müvafiq yerlərdə dayansa da, sərnişin götürməyib.

techcult.ru saytının məlumatında bildirilir ki, şirkətin nümayəndələri və jurnalistlər sərnişin rolunda çıxış ediblər. Sınaqlar zamanı sürücüsüz tramvay depodan çıxaraq 6 km-lik marşrut üzrə dövrə vurub. Sözügedən nəqliyyat vasitəsi oriyentasiyanı təyin etmək üçün lidar, radar, yüksək təsvir ölçüsünə malik kamera və şəhər nəqliyyat sisteminin məlumatlarından istifadə edib.

Mürəkkəb vəziyyətlər və onlara qarşı reaksiyaların tanınması alqoritmlərinin işlənib hazırlanması Karlsruye Universitetinin alimlərinə tapşırılıb. Layihə o qədər uğurla inkişaf etdirilir ki, sərgidə yaxın vaxtlarda sürücüsüz tramvayın kommersiya versiyasının təqdim ediləcəyi açıqlanıb.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017