İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın növbəti iclası keçirildi 2018-09-20 17:25:00 / ELMİ İCLASLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın növbəti iclası keçirildi. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırdı.  

İnstitutun Ümumi şöbəsinin müdiri Dinara Zeynalova 2018-ci il üzrə I yarımillik hesabatın yekunları haqqında məlumat verdi, institut əməkdaşlarına verilmiş tapşırıqların icra vəziyyətindən danışdı. O, tapşırıqlara əsasən, müxtəlif problemlərə həsr olunmuş elmi seminarların təşkili, beynəlxalq və respublika səviyyəli elmi jurnallara və elmi-praktiki konfranslara məqalələrin təqdim olunması və nəşri, aparılan araşdırmalarla bağlı icmalların hazırlanması, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyəti və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı görülmüş işləri təqdim etdi.

D.Zeynalova, həmçinin cari ildə AMEA Rəyasət Heyətindən daxil olan məktublar, sərəncam və qərarların icra vəziyyəti barədə məlumat verərək həyata keçirilən tədbirləri nəzərə çatdırdı.

Daha sonra institutun Tədris-İnnovasiya Mərkəzinin (TİM) rəhbəri Rəsmiyyə Mahmudova institutun innovasiya fəaliyyətinin genişləndirilməsi haqqında çıxış edərək öncə TİM-in fəaliyyət istiqamətləri haqqında məlumat verdi. Bildirdi ki, mərkəzdə AMEA-nın magistrlərinə ümumi fənnlər üzrə dərslərin və imtahanların təşkili, AMEA-nın elmi müəssisələrində doktoranturaya qəbul və ixtisas fənnindən doktorluq imtahanlarının keçirilməsi işinə dəstək göstərilməsi, institutun doktorant və dissertantlarının ixtisas fənləri üzrə imtahanlarının təşkili, institutun magistrlərinə ixtisas fənləri üzrə dərslərin və imtahanların təşkili daxildir.

Qeyd etdi ki, mərkəzdə, həmçinin yeni testlərin hazırlanması və test bazasının yenilənməsi, testlərin rus və ingilis dillərinə tərcüməsi, imtahanların təşkili, tədris materiallarının hazırlanması, regionlarda yaşayan doktorant və dissertantlar üçün “İnformatika” fənni üzrə distant tədris və imtahanların təşkili, eləcə də proqramlaşdırma dilləri, qrafik redaktorlar, riyazi proqram paketi və s. üzrə kursların təşkili işləri həyata keçirilir.

Məruzəçi institutun innovativ imkanları və onun reallaşdırılması perspektivlərindən söz açdı. R.Mahmudova daha çox tələb olunan kursların müəyyənləşdirilməsi ilə kənardan müqavilə əsasında mütəxəssislərin dəvət olunması, TİM-in “Microsoft”, “Cisco”, “İntel” kimi nəhəng şirkətlərin sertifikasiya mərkəzi kimi fəaliyyət göstərməsinə şəraitin yaradılması, müxtəlif sahələrin mütəxəssisləri üçün informasiya texnologiyaları üzrə xüsusi kursların hazırlanması, müəllimlər üçün ixtisasartırma kurslarının təşkili, magistraturaya və dövlət qulluğuna hazırlaşanlar üçün informatika fənnindən sınaq imtahanlarının təşkil olunmasının zəruriliyini vurğuladı.

Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov institutda həyata keçirilən magistratura pilləsi üzrə təhsil haqqında məlumat verdi. Qeyd etdi ki, 2017-2018-ci tədris ili üzrə institutda magistrlik dissertasiyalarının müdafiəsi keçirilmiş və 3 nəfər magistr dərəcəsi almışdır.

2018-2019-cu tədris ili üzrə institutun magistraturasına qəbul barədə danışan F.Yusifov bildirdi ki, cari ildə qurumda magistratura pilləsinə “249178 – Kompüter mühəndisliyi”, “249186 – İnformasiya mühafizəsi və təhlükəsizliyi”, “249161 – Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı”, “249291 – Kompüter sistemləri və şəbəkələri” ixtisasları üzrə ümumilikdə 6 yer ayrılmışdır. Məruzəçi qeyd olunan ixtisaslar üzrə cari ildə qəbul olunmuş magistrantları seminar iştirakçılarına təqdim etdi.

F.Yusifov, həmçinin institutda fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alan doktorant və dissertantlar barədə məlumat verdi, oktyabr ayından başlayaraq onların attestasiyasının keçiriləcəyini diqqətə çatdırdı. F.Yusifovun sözlərinə görə, bu prosesdə 5 doktorant, 19 dissertant və 9 elmlər doktoru iddiaçı olaraq iştirak edir.

O, həmçinin 2018-ci ildə doktorantura və dissertanturaya ayrılmış plan yerləri barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, fəlsəfə doktoru proqramı üzrə 6 (3 doktorant, 3 dissertant), elmlər doktoru proqramı üzrə 1 yer (dissertant) ayrılmışdır.

Çıxışlar ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024