Suda işləyən ilk noutbuk nümayiş olunub 2018-08-07 11:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

“Raytheon” şirkəti avqustun 3-dən 6-dək keçirilən “ChinaJoy” (China Digital Entertainment Expo & Conference) konfransında konseptual “Uncia” noutbukunu nümayiş etdirib. Qurğu istehsalçı tərəfindən “IP68” standartı üzrə su və tozdan mühafizə olunmuş ilk oyun noutbuku kimi təqdim edilir.

news.rambler.ru saytının məlumatına görə, adətən belə mühafizəyə sənaye və ya hərbi modellər malik olur, “Raytheon Uncia” modeli isə adi istifadəçi noutbuku kimi görünür. Lakin modelin ərsəyə gəlməsinə hərbi sənaye də öz töhfəsini verib. Belə ki, “Raytheon” ABŞ-ın iri hərbi sənaye şirkəti və silah və hərbi texnika tədarükçüsüdür.

Nümayiş zamanı su ilə doldurulmuş şəffaf şüşənin daxilinə yerləşdirilən noutbuk işləməyə davam edib. 13 düym diaqonallı “Raytheon Uncia” noutbukunun çəkisi 1,1 kq, qalınlığı isə 12,7 mm təşkil edir.

8-ci nəsil “Intel Core i7-8550U” prosessoru ilə təchiz edilən yeni qurğunun qapağı 360 dərəcə açılır. Noutbukun satışa çıxarılma tarixi və qiyməti barədə hələ ki, məlumat verilmir.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017