Aeroportlarda təhlükəsizliyin yoxlanılması üçün 3D-skaner hazırlanıb 2018-07-16 11:51:00 / TEXNOLOJİ YENİLİKLƏR

Çində aeroportlarda təhlükəsizliyin yoxlanılması üçün millimetrlik dalğalarda işləyən üçölçülü skaner yaradılıb. Yeni qurğu sürətli reaksiyası, yüksək dəqiqliyi ilə seçilir və metal detektorları ilə müqayisədə daha az işçi qüvvəsi tələb edir.

belta.by saytının məlumatına görə, skaner ölkənin iri raket istehsalçısı – Çin Aerokosmik Elm və Sənaye Korporasiyasının (China Aerospace Science and Industry Corporation – CASIC) tərkibinə daxil olan akademiya tərəfindən hazırlanıb.

Bildirilir ki, qurğu insanın geyimi altında gizlədilən obyektlərin aşkarlanması üçün elektromaqnit şüalanma formasından istifadə edərək bütün bədəni vizuallaşdırır. O, 1 saniyə ərzində 89-dək təhlükəli və ya riskli əşyanı, o cümlədən bədənin skan edilməsi qurğularının müəyyənləşdirə bilmədiyi tezalışan mayeləri aşkarlaya bilir.

Cihaz 95 faiz dəqiqliklə işləyir. Bu isə o deməkdir ki, əksər təhlükəsizlik xidməti əməkdaşları çətin əl yoxlamasından azad ediləcək. Qurğu yaradıcılarının sözlərinə görə, skaner nəzarət-buraxılış məntəqələrinin fəaliyyətinin effektivliyini artırmaqla yanaşı, sərnişinlər üçün də daha rahat olacaq.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017