Akademik Rasim Əliquliyev: “AzScienceNet şəbəkəsi dövlətin həyata keçirdiyi xarici siyasətə dəstək verir” 2018-07-03 15:59:00 / KONFRANSLAR

Bu fikirləri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumda keçirilən “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda toplantıda çıxışı zamanı səsləndirib.

AzScienceNet elm kompüter şəbəkəsinin yaranma tarixi haqqında məlumat verən alim ötən əsrin 80-ci illərində x25 texnologiyaları əsasında verilənlərin ötürmə şəbəkəsinin (Akademset şəbəkəsi), 1991-ci ildə isə TCP/IP texnologiyaları əsasında AzScienceNet şəbəkəsinin yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, 2003-cü ildə NATO-nun Elmi Komitəsi tərəfindən həyata keçirilən “Virtual İpək Yolu” layihəsi çərçivəsində AzScienceNet şəbəkəsinin infrastrukturu və texniki imkanları gücləndirilmiş, 2015-ci ildə şəbəkə Avropanın elm və təhsil şəbəkəsinə (GEANT) qoşulmuşdur.

Alim qeyd edib ki, AzScienceNet 2015-2020-ci illər ərzində icra olunan, Şərqi Avropa ölkələrini birləşdirən elm və təhsil üzrə yüksəksürətli regional İnternet şəbəkəsinin yaradılması və bu ölkələrin Avropanın elektron elm infrastrukturuna qoşulması üçün həyata keçirilən “EaPConnect” (Eastern Partnership Connect) layihəsində ölkəmizi AzScienceNet şəbəkəsi təmsil edir.

R.Əliquliyev AzScienceNet şəbəkəsinin AMEA-nın institut və təşkilatları, eləcə də akademiyanın regionlarda yerləşən elmi bölmələrini əhatə etdiyini qeyd edərək şəbəkənin İnternetə çıxışının “Delta Telecom” provayderi vasitəsilə həyata keçirildiyini deyib.

İnstitut direktoru AzScienceNet-in  idarəetmə strukturundan söz açaraq onun Şəbəkə Əməliyyat Mərkəzi, DATA Mərkəz, İnternet Xidmətləri Mərkəzləri, Şəbəkə Təhlükəsizliyi və AzScienceCERT mərkəzlərindən ibarət olduğunu nəzərə çatdırıb.

Alim AzScienceNet  şəbəkəsinin kommunikasiya infrastrukturunun Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə fiber-optik  kabel əsasında qurulduğunu bildirib. AMEA-nın 41 institut və təşkilatının bu xətt vasitəsilə 1,41 Gbit/san sürətlə AzScienceNet-ə qoşulduğunu vurğulayıb.

Məruzəçinin sözlərinə görə, AzScienceNet şəbəkəsi vasitəsilə AMEA-nın institut və təşkilatlarının əməkdaşlarının 100%-i genişzolaqlı İnternetlə təmin edilmiş, alim və mütəxəssislər mürəkkəb məsələlərin həllində hesablama gücü 17 Tflops-a bərabər olan superkompüterlərdən istifadə imkanları əldə etmişlər.   

R.Əliquliyev AzScienceNet-in göstərdiyi xidmətlər barədə danışaraq AMEA-nın institut və təşkilatlarının Cloud Computing, Cloud Storage, “ownCloud”, Klaster Hesablama, Hostinq, Eduroam, paylanmış çoxterminallı məlumat xidməti, operativ məlumatlandırma, videokonfrans, Multimedia Qalereyası, e-kitabxana, distant tədris kimi xidmətlərdən yararlanmaq imkanına malik olduğunu nəzərə çatdırıb.

Qeyd edib ki, AzScienceNet-in platforması əsasında tətbiq olunmuş videokonfrans sistemi vasitəsilə AMEA-nın regional elmi bölmələrinin əməkdaşları “Elektron Rəyasət Heyəti” modeli əsasında AMEA Rəyasət Heyətinin iclasları ilə canlı bağlantı quraraq iclaslarda iştirak etmək imkanı əldə edirlər.

Alim, həmçinin şəbəkə vasitəsilə regionlarda Distant Tədris Mərkəzlərinin yaradılmasının doktorant və dissertantların məsafədən təhsil alması, onlayn seminar və konfransların keçirilməsi, Bakıya gələn mötəbər qonaqların və nobel mükafatı laureatlarının bir araya toplanması, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün geniş imkanlar açdığını söyləyib.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024