Süni intellekt divarın arxasındakı insanları “tanımağı” öyrənib 2018-06-21 12:23:00 / MARAQLI MƏLUMATLAR

Massaçusets Texnologiya İnstitutunun alimlər komandası divarların arxasındakı insanların hərəkətini izləyən “RF-Pose” simsiz qurğusunu ixtira ediblər.

naked-science.ru saytının məlumatına görə, mühəndislər əvvəlcə məlumatları iki tənzimləyicidən əldə ediblər: simsiz radioqurğu və kamera – hər ikisi insanların yeriməsi, söhbət etməsi, liftin gözlənməsi və qapıların açılması kimi hərəkətləri izləyib. Sonra onlar kamera təsvirlərinin köməyi ilə hər bir insan üçün skelet modeli hazırlayıblar. Bu model süni intellektdə radiosiqnalla birlikdə nümayiş etdirilib. Bununla alqoritm radioötürücünün siqnalları və qurulmuş skeletlər arasındakı əlaqəni tanımağı öyrənib.

Mütəxəssislərin fikrincə, hərəkətli model bir çox sahələrdə, o cümlədən tibbdə istifadə olunacaq. Sistem Parkinson xəstəliyindən əziyyət çəkən pasiyentlərin xəstəliyinin irəliləməsini müəyyən etmək üçün onların ev daxilində hərəkətinin monitorinqini aparacaq.

Mütəxəssislər bildiriblər ki, bu texnologiya yüz insan arasında müəyyən şəxsi 83 faiz halda müəyyən edir. Bu xüsusiyyət axtarış-xilasetmə əməliyyatlarında lazım olacaq.

Mühəndislər hazırda daha kiçik hərəkətləri (məsələn əllərin titrəməsi) əks etdirə bilən üçölçülü versiya üzərində işləyirlər.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017