Ən “ağıllı” üzük hazırlanıb 2018-05-30 10:07:00 / TEXNOLOJİ YENİLİKLƏR

“Xenxo” şirkətinin istehsalı olan üzük ən müasir sensor və çiplərlə təchiz edilib: Bluetooth 5.0, “NFC” modulu, akselerometr, 4 Gb yaddaş və mikrofonlu dinamik. Bu, adi aksessuarı çoxfunksiyalı qurğuya çevirməyə imkan verib. Bu səbəbdən istehsalçılar cihazı ən “ağıllı” üzük adlandırıblar.

hi-tech.mail.ru saytının məlumatına görə, istehsalçılar ilk növbədə üzükdən qarnitur kimi istifadə etməyi təklif edirlər. Korpusa quraşdırılmış xüsusi düymənin köməyilə zəngi qəbul etmək və ya seçilmiş əlaqə nömrəsinə zəng vurmaq olar. Danışmaq üçün üzüyün taxıldığı əli qulağa yaxınlaşdırmaq lazımdır.

Üzükdən istifadə edərək, “NFC” texnologiyası vasitəsilə alış-veriş üçün ödəniş etmək olar. Lakin qurğunun təhlükəsizlik sistemi ilə bağlı anlaşılmazlıq yaranıb, çünki o, şifrə, barmaq izi skaneri və ya sifətin tanınması texnologiyası ilə təchiz edilməyib. Üzüyün daxili yaddaşını fərdi məlumatların saxlanılması, “Bluetooth” texnologiyasını isə xüsusi qıfıla malik qapıların açılması üçün istifadə etmək mümkündür. Qurğu, həmçinin bir neçə kiçik funksiyaya malikdir. Məsələn, üzüyün köməyilə smartfonda səslənən musiqini dəyişdirmək və ya onu fərdi zəngli saat kimi istifadə etmək olar.

İstehsalçıların sözlərinə görə, üzüyün daxili akkumulyatoru 5 gün avtonom işləməyə imkan verir. 2019-cu ilin fevral ayında satışa çıxarılacaq “Xenxo” üzüyünün qiyməti 189 dollar təşkil edir.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017