Elektron tullantılardan faydalı materiallar emal edən ilk mikrofabrik fəaliyyətə başlayıb 2018-04-10 16:00:00 / MARAQLI MƏLUMATLAR

Qlobal monitorinqin nəticələrinə əsasən, 2016-cı ildə dünyada elektron tullantıların həcmi 44 milyon ton təşkil edib. Bu göstərici 2021-ci ildə 52 milyon tona qədər arta bilər.

techcult.ru saytının məlumatına görə, Avstraliyanın Cənubi Uels Universitetinin Dayanıqlı Materiallar və Texnologiyalar Tədqiqat Mərkəzinin iştirak etdiyi “SMaRT” layihəsinin məqsədi bu problemin həllini tapmaqdır. Layihə çərçivəsində elektron tullantılardan faydalı materiallar emal edən ilk mikrofabrik fəaliyyətə başlayıb.

Mikrofabriki elektron tullantıların toplandığı anbarda, hətta kosmosda tikmək olar: onun sahəsi cəmi 50 kv.m təşkil edir, modulyar konstruksiya isə avadanlıqların sürətli quraşdırılmasına imkan yaradır.

Utilizasiya üzrə kompleksin tərkibinə elektron qurğuların məhv edilməsi üçün nəzərdə tutulmuş bir neçə kiçik modul daxildir. Həmin qurğular qiymətli komponentlərin aşkarlanması sistemi vasitəsilə sobaya ötürülürlər ki, burada müxtəlif metallar təkrar istifadə üçün əridilir. Digər modul plastik kütlələrin utilizasiyasına cəlb ediləcək ki, sonra onlardan 3D-printerlərdə çap üçün saplar və başqa materiallar hazırlamaq mümkün olacaq.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017