Ağciyər xərçənginin diaqnostikası üçün robot-cərrah yaradılıb 2018-04-02 12:17:00 / TEXNOLOJİ YENİLİKLƏR

“Auris Health” şirkəti “Da Vinci” adlı robot-cərrahın təkmilləşdirilmiş versiyasını – “Monarch” robotunu təqdim edib.

robo-hunter.com saytının məlumatına görə, iki əllə təchiz edilmiş “Monarch” xüsusi boruya malikdir ki, həkim onun köməyilə insanın daxili orqanlarında kamera və cərrahiyyə alətlərini idarə edir. Hazırda robot oyun konsoluna bənzəyən alətlə idarə edilsə də, gələcəkdə qurğunun avtonom işləyəcəyi bildirilib.

Robotun yaradılmasında əsas məqsəd ağciyər xərçənginin müalicəsidir. Xəstəliyə erkən mərhələlərdə diaqnoz qoymaq son dərəcə çətindir. Diaqnozun xəstəliyin son mərhələlərində qoyulması ilə əlaqədar olaraq, onun 90 faiz hallarda müalicəsi mümkün olmur.

Şirkətin baş direktoru Frederik Molun sözlərinə görə, effektsiz diaqnostika əl ilə aparılan bronxoskopiyaya əsaslanan skrininqin keçirilməsi ilə bağlıdır ki, bu da hərəkət diapazonunu məhdudlaşdırır. “Monarch” robotunun köməyilə ağciyərin daxilinə girmək mümkün olacaq.

Robot-cərrah artıq ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarət idarəsi tərəfindən bəyənilib və qurğu ilkin sınaqlara hazırlanır.

 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017