Xərçəng xəstəliyi ilə mübarizə aparan nanorobotlar 2018-03-09 10:00:00 / MARAQLI MƏLUMATLAR

Çin Nanoelmlər və Texnologiyalar Mərkəzinin alimləri təhlükəli şişlərə qarşı uğurla mübarizə aparan ilk avtonom DNK nanorobotlar yaratmağa və onları sınaqdan keçirməyə müvəffəq olublar. Hər bir nanorobot o qədər kiçikdir ki, onu adi gözlə görmək mümkün deyil. Sözügedən nanorobot ölçüsünə görə iynənin ucundan 5000 dəfə kiçikdir.

hi-news.ru saytının məlumatına görə, dezoksiribonuklein turşusu (DNT) əsasında işləyən robot boruşəkilli struktura malikdir. Onun uzunluğu təxminən 90 nanometr, diametri 19 nanometr təşkil edir. Nanorobotlar öz konstruksiyası sayəsində araşdırmalar aparmağa kömək edəcək və şişləri müstəqil şəkildə tapacaqlar. Bundan sonra təhlükəli şişin qanla təmini blok ediləcək. Nəticədə şiş bir neçə həftə sonra məhv olmağa başlayacaq. Nanorobotlar siçanlar üzərində sınaqdan keçirilib. Bir neçə gün və ya həftə ərzində şişin ölçüsünün xeyli azalması, çox vaxt isə tam məhv olması müşahidə edilib.

“Kimyəvi terapiya və radiasiyadan fərqli olaraq, DNT nanorobotları yaxınlıqdakı sağlam toxumalara ziyan vurmadan şişləri müalicə etmək qabiliyyətinə malikdir. Nanorobotlar beyində toplanmır və beləliklə, insult riski yaratmırlar”, – deyə alim Çjao Yuylan bildirib.

Hazırda alimlər kliniki tədqiqatlar aparırlar. Onlar bu inqilabi texnologiyaya şiş əleyhinə terapiya statusunun verilməsinə ümid edirlər.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017