İnstitutun texnologiyalar üzrə direktor müavini Rəşid Ələkbərov Fəxri Fərmanla təltif edilib 2018-03-07 15:00:00 / TƏDBİRLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov anadan olmasının 65 illik yubileyi münasibətilə institutun Fəxri Fərmanı ilə təltif olunub.

Fərmanı yubilyara təqdim edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev R.Ələkbərovu rəhbərlik etdiyi kollektiv adından təbrik edib və yubilyara gələcək fəaliyyətində uğurlar arzulayıb.

Akademik bildirib ki, institutun çoxillik fəaliyyətində böyük xidmətləri olan R.Ələkbərova xas olan insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər kollektivdə ona böyük hörmət və rəğbət qazandırmışdır.

R.Ələkbərov 1975-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsini bitirmişdir.

Həmin ildən Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika İnstitutuna təyinatla göndərilmiş və burada mühəndis, böyük mühəndis, kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1983-cü ildən AEA-nın Avtomatlaşdırmış İdarəetmə Sistemləri (AİS) şöbəsində aparıcı mühəndis, qrup rəhbəri, 1992-ci ildən isə laboratoriya müdiri vəzifələrində çalışmışdır.

2006-cı ildə “Kompüter şəbəkələri əsasında paylanmış hesablama mühitinin sintezi üçün model və alqoritmlərin işlənməsi” mövzusu üzrə dissertasiya işini müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru adını almışdır. 

Milli Superkompüter Mərkəzinin və onun ümumrespublika infrastrukturunun yaradılması üçün kompleks (texniki, təşkilati, iqtisadi, maliyyə və s.) təkliflərin və sənədlərin işlənməsi məsələləri ilə məşğul olmuşdur.

2010-cu ildən “AzScienceNet” elm kompüter şəbəkəsinin infrastrukturunun yaradılması və genişləndirilməsi işlərini həyata keçirən və İnternet xidmətləri göstərən şöbəyə rəhbərlik edir.

Hazırda bulud texnologiyaları əsasında verilənlərin emal mərkəzində hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması, bulud texnologiyalarının müxtəlif şəbəkə mühitində sintezi modelləri, mobil hesablama buludlarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi, elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənməsi istiqamətlərində tədqiqat işləri aparır.

Alim 90-dan çox elmi işin, o cümlədən 5 ixtiranın müəllifidir.

2011-ci ildən Tədris-İnnovasiya Mərkəzində distant təhsil sisteminin infrastrukturunun yaradılması işlərinə rəhbərlik edir.

2011-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə institutun baş mühəndisi vəzifəsinə, 2015-ci ildə institutun texnologiyalar üzrə direktor müavini vəzifəsinə təsdiq edilmişdir.

2009-cu ildə “Tərəqqi” medalı, 2013-cü ildə AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür.

2016-cı ildə AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024