“Yeməli” QR-kodlar fərdi müalicəni təmin edəcək 2018-02-12 10:00:00 / MARAQLI MƏLUMATLAR

Müasir dərmanların əsas çatışmazlığı onların abstrakt orta xəstə üçün nəzərdə tutulmasıdır. Söhbət eyni həblərdən istifadə edən müxtəlif fizioloji xüsusiyyətlərə malik, müxtəlif yaşlarda olan milyonlarla insandan gedir. Bu dərmanların təsirinin hər kəs üçün tamamilə fərqli olması təəccüblü deyil: onlar kiməsə kömək edir, kiməsə, əksinə, zərər verir.

Danimarkanın Kopenhagen Universiteti və Finlandiya Abo Akademik Universitetinin tədqiqatçıları fərdi müalicə üçün üzərinə QR-kodlar (Quick Response Code – sürətli reaksiya kodu) çap edilmiş “yeməli” həb hazırlayıblar.

techcult.ru saytının məlumatına görə, kodun çap edilməsi üçün adi şırnaqlı printer və laktik turşu, etanol və qida boyalarından ibarət olan mürəkkəblərdən istifadə olunub. Bu texnologiyaya uyğun olaraq, həkimlər QR-koda konkret pasiyent haqqında bütün lazımi informasiyanı (məsələn, onun adı, preparatın miqdarı, seriya nömrəsi, tətbiqi üzrə təlimat və s.) köçürəcəklər. Pasiyent istifadədən əvvəl dərmanın QR-kodunu smartfonun köməyilə skan edəcək. Bu da həkimlərə dərmanların qəbuluna nəzarət etməyə kömək edəcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024