“SpaceX” ağır çəkiyə malik “Falcon Heavy” raketini müvəffəqiyyətlə orbitə buraxıb 2018-02-08 15:00:00 / MARAQLI MƏLUMATLAR

Ağır çəkiyə malik “Falcon Heavy” raket-daşıyıcısı Kennedi Kosmik Mərkəzinin Pad 39A start meydançasından müvəffəqiyyətlə işə salınıb. Bu, 27 mühərriklə təchiz edilmiş ilk raket hesab olunur. Sistem uçuş zamanı maksimal yüklənməyə tab gətirib, bir müddət sonra isə ondan iki yan sürətləndiricilər ayrılıb və Kennedi Kosmik Mərkəzində sinxron enməni yerinə yetirib.

hi-news.ru saytının məlumatına görə, uçuşun müvəffəqiyyətli keçdiyini anlamaq üçün müəyyən qədər vaxt lazım olacaq.

İşə salınmadan altı saat sonra aşağı yerətrafı orbitdə olan, içində İlon Maskın elektrik rodsteri (avtomobil növü) yerləşdirilmiş kosmik aparat Marsın hərəkət trayektoriyasına çıxıb və öz mühərriklərini işə salıb. İ.Mask bildirib ki, uçuş mərhələlərindən hər hansı birində uğursuzluq riskini istisna etmək olmaz.

Bununla belə, “Falcon Heavy”nin müvəffəqiyyətlə işə salınması kosmik uçuşların inkişafında nəhəng sıçrayışa səbəb ola bilər. Hazırda “Falcon Heavy” dünyada ən güclü işləyən raket-daşıyıcısıdır. “SpaceX” artıq ağır çəkili raketin işə salınmasına dair bir neçə sifariş alıb. İlk test startının müvəffəqiyyətlə keçməsi isə çox güman ki, “Falcon Heavy” ilə maraqlanan daha çox potensial müştəriləri cəlb edə biləcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024