Əlavə reallıq şlemləri cərrahlara kömək edəcək 2018-02-06 10:28:00 / MARAQLI MƏLUMATLAR

Əlavə reallıq şlemləri daxili orqanları və toxumaları “görməyə” imkan verəcək. Bu da cərrahi əməliyyatların nəticəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

meddaily.ru saytının məlumatına görə, London Kral Kollecinin əməkdaşları ayaqlar üzərində rekonstruktiv cərrahi əməliyyatlar zamanı əlavə reallıq şlemlərindən necə istifadə olunduğunu nümayiş etdiriblər. Onlar “Microsoft”un “HoloLens” qarniturundan istifadə ediblər. Qurğu cərraha onun gözləri qarşısında əks etdirilən holoqram və ya kompüterlə yaradılmış obyektlərlə qarşılıqlı əlaqədə olmağa imkan verərək qarışıq reallıq yaradıb. Xüsusilə, pasiyentin ayağına kompüter tomoqrafiyasının skan edilməsinin nəticələrinin əks olunduğu təsvirlər qoyulub və məlum olub ki, cərrah daxildə baş verənləri “görür”.

Beləliklə, sümük, əzələ, piy toxumaları və qan damarlarının təsvirləri ayırd edilib. Onları ayağın üçölçülü modelinin yaradılması üçün proqrama yükləyiblər. Sonra bu modellər təsvirləri qarnitura ötürən digər proqrama yüklənib. Qurğu modeli cərrahın gördüyü real obyektlər üzərində əks etdirib. Həkimlər jestlərdən istifadə edərək təsvirlərlə işləyə bilərlər. Bu, məsələn, ayaqda qan sisteminin bərpasını əhəmiyyətli dərəcədə asanlaşdırır. Sistem ayaqları üzərində rekonstruktiv əməliyyatlar aparılan beş pasiyent üzərində müvəffəqiyyətlə sınaqdan keçirilib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024