Düşüncə gücü ilə idarə olunan əl üçün ekzoskelet 2018-01-24 12:00:00 / MARAQLI MƏLUMATLAR

İsveçrənin Lozanna şəhərinin Federal Politexnik Məktəbinin tədqiqatçılar qrupu beyin impulslarının köməyi ilə idarə olunan, fiziki məhdudiyyətli insanlara kömək edə bilən əl üçün yüngül ekzoskelet (xarici karkasın köməyi ilə insanın ümumi gücünün artırılmasına səbəb olan cihaz) hazırlayıblar.

hitech.newsru.com saytının məlumatına görə, İsveçrə alimlərinin tətbiqi beyin impulslarını fiksasiya edən elektrodlu yumşaq EEQ (elektroensefaloqrafiya – baş beynin summar elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün istifadə olunan nevroloji müayinə metodu) dəbilqələri, pasiyentin sinəsinə taxılan idarəedici blok və ona qoşulmuş beş metal kabel-vətərləri özündə ehtiva edir. 

Tədqiqatçıların sözlərinə görə, pasiyentə sistemin bütün elementlərini geyinmək və ekzoskeleti işə salmaq üçün cəmi bir neçə dəqiqə tələb olunur. Tətbiqin az çəkiyə malik olması isə onun fərqləndirici xüsusiyyətidir. Bundan başqa, sistem istifadəçinin xüsusiyyətlərindən asılı olaraq idarəetmənin müxtəlif üsullarını dəstəkləyir. Məsələn, ekzoskelet vasitəsilə və ya səs əmrlərini dəstəkləyən smartfonun köməyi ilə göz hərəkətlərini idarə etmək olar.

Hazırda ekzoskelet insult keçirmiş və onurğa beyni travmaları almış pasiyentlərdə müvəffəqiyyətlə sınaqdan keçirilib. Tədqiqatçılar ekzoskeleti reabilitasiya və ev işlərinin icrası zamanı istifadə etmək məqsədilə sistemi təkmilləşdirmək niyyətindədirlər. Tətbiqin bazara çıxarılma vaxtı haqqında hələ ki, məlumat verilmir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023