Proqramçılar üçün yeni robot hazırlanıb 2018-01-17 13:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Daha əvvəl uşaqlara proqramlaşdırmanın öyrədilməsi üçün robotlar istehsal edən “Misty Robotics” startapı proqramçılar üçün “Misty I” robotunu təqdim edib. Yığcam “Misty I” iki Snapdragon prosessoru, maye kristal ekran, mikrofonlar, USB və ətrafdakı obyektləri və insanların sifətlərini tanıyan kamera ilə təchiz edilib.

robo-hunter.com saytının məlumatına görə, bu modeldə bir çox detallar korpusun altında gizlədilməyib, əksinə səthdə yerləşdirilib. Məsələn, robotun “sifəti”ndə ətraf mühitin analizi üçün sensor, “kürəyi”ndə isə müxtəlif sensorların əlavə ediləcəyi çip var. Onun yeni versiyasında hərəkət üçün tırtıllardan istifadə olunub. Robotu işə salmaq üçün robot texnikasına bələd olmaq vacib deyil. Proqramçılar JavaScript API proqramlaşdırma dilinin köməyilə robot üçün istənilən proqramları hazırlaya bilərlər.

“Misty I” robotunun fevral ayında satışa çıxarılacağı bildirilib. Onun qiyməti 1499 dollar təşkil edəcək. Şirkətin mütəxəssisləri, həmçinin ilin sonunadək robotun təkmilləşdirilmiş versiyasını (Misty II) hazırlamağı planlaşdırırlar.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024