Kvant kompüterinə əsaslanan ilk süni intellekt hazırlanıb 2017-12-22 17:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

“Rigetti” şirkətinin tədqiqatçıları kvant kompüterləri üçün klasterizasiya (məlumatların süni intellektin köməyilə qruplara bölünməsi) alqoritminin işə salınması metodunu hazırlayıblar. “IBM” və “Google” kimi bir sıra şirkətlər artıq kvant sistemlərinin hazırlanmasında süni intellekti tətbiq etməyə çalışırlar. Lakin bu, kvant maşın təliminin müvəffəqiyyətlə keçirildiyi ilk hadisədir.

Süni intellekt və kvant kompüterlərinin sintezi əsasında hazırlanmış robotların nələri bacaracaqlarını təsəvvür etmək belə qorxuludur. “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri və bir sıra qabaqcıl layihələrin müəllifi İlon Mask şəxsi “Twitter” hesabında bəşəriyyətə xəbərdarlıq edib: “Bir neçə ildən sonra robotlar o qədər sürətlə hərəkət edəcəklər ki, onları görmək üçün sizə impulslu lampa lazım olacaq. Şirin yuxular…”

hi-tech.mail.ru saytının məlumatına əsasən, bu mərhələdə kvant kompüterləri öz imkanlarına görə artıq superkompüterlərə çox yaxınlaşıb. Hazırda alimlər kvant kompüterlərinin istehsal etdikləri böyük həcmli məlumatların emalı və təlimatların yaradılması üçün metodların hazırlanması ilə məşğul olurlar. Bunun üçün süni intellekt mükəmməl variantdır və ekspertlərin fikrincə, onun tətbiqi növbəti məntiqli addım olacaq.

Səciyyəvi artım kvant kompüterləri və süni intellektin daha bir ümumi xüsusiyyətidir. Kvant qurğuları üçün prosessorların gücü kubitlərlə ölçülür. Onların ən müasirləri təxminən 50 kubitdir. Bu güc kvant kompüterlərini superkompüterlərlə bərabərləşdirir. 60 kubit planetdəki bütün superkompüterlərin toplanmış gücünü ötəcək. Belə böyük həcmli məlumatları yalnız bu kimi metodlarla emal etmək mümkündür.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023