Alimlər smartfonların orqanizmə mənfi təsirləri haqqında xəbərdarlıq ediblər 2017-12-08 11:19:00 / TEXNOLOJİ YENİLİKLƏR

ABŞ-ın Səhiyyə Nazirliyi mobil telefonlar və smartfonların orqanizmə mənfi təsirləri haqqında yeni məlumatları dərc edib. Elektromaqnit şüalanmasının sızmasını aşkar edən tədqiqatçılar istifadəçilərə bu haqda xəbərdarlıq etməyə qərar veriblər. Nazirlik qurğunu bədəndən mümkün qədər uzaqda saxlamaqda təkid edir.

hi-tech.mail.ru saytının məlumatına görə, səhiyyə mütəxəssisləri mobil telefonlardan ayrılan enerjinin uzunmüddətli təsirindən ehtiyat etmək üçün ciddi səbəblərin olduğunu aşkar ediblər. Yeni məlumatlar Amerikanın məhkəmələrindən birinin daha əvvəl məxfiləşdirilmiş sənədlərin dərc etdirilməsi ilə bağlı qərarından sonra ortaya çıxıb.

Bir il əvvəl Berkli Kaliforniya Universitetinin professoru Coel Moskovits mobil telefonlardan istifadənin şişlərin yaranması riskini artırması ilə bağlı tədqiqatların nəticələrinin nəşrinə nail olmaq üçün məhkəmə prosesində çıxış etmişdi. Araşdırılan sənədlərdə qeyd olunur ki, həkimlər telefonu cibdə, uzun müddət danışarkən qulağa yaxın, gecələr çarpayının yanında saxlamamağı məsləhət görürlər. Həmçinin hərəkətdə olan avtomobil, avtobus və ya qatarda telefonun adi vaxtda olduğundan daha çox enerji yaydığı müəyyən edilib.

Ekspertlər insanların mobil telefonlardan istifadə riskini düzgün qiymətləndirmədiklərini bildirirlər. Çünki istehsalçılar mobil qurğuların sağlamlığa mənfi təsirləri ilə bağlı lazımi testləri keçirmirlər, həmçinin çox vaxt onların nəticələrini gizlədirlər.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017