“Ağıllı” iynə cərrahlara kömək edəcək 2017-12-05 12:00:00 / MARAQLI MƏLUMATLAR

Minimal invaziv əməliyyatlar üçün yeni alət – sensorlarla təchiz edilmiş cərrahlıq iynəsi hazırlanıb. O, cərraha əməliyyat zamanı orqanların yüksək keyfiyyətli təsvirlərini əldə etməyə imkan verir.

Pasiyentlər və həkimlər minimal invaziv əməliyyatlara üstünlük verirlər. Çünki bu kimi əməliyyatlar bədəndə kəsiklər qoymur, bərpa üçün daha az vaxt tələb edir və daha az infeksiya riski daşıyır. Lakin bu əməliyyatlar mükəmməl deyil. Xüsusilə, onların keçirilməsi üçün lazım olan daxili orqanların keyfiyyətli təsvirlərini əldə etmək çətindir. Buna görə də, adətən, cərrahlar əməliyyata qədər ultrasəs müayinəsi və maqnit rezonans tomoqrafiyanın köməyilə əldə olunmuş təsvirlərlə kifayətlənməli olurlar.

nanonewsnet.ru saytının məlumatına görə, optik ultrasəs iynəsi əməliyyatların keçirilməsinə yanaşmanı dəyişdirəcək. Onun sayəsində cərrah əməliyyat zamanı yumşaq toxumaların təsvirlərini əldə edə biləcək. Qurğu daxilində iki optik lif olan 1 mm qalınlığında iynədən ibarətdir. Optik liflərdən biri qısa işartılar yaradır, digəri isə bədən toxumalarının əks etdirdiyi işığı “oxuyur”. Nəticədə, cərrah real vaxt rejimində yüksək keyfiyyətli təsvirə baxır.

Yeni qurğu həkimlərə informasiya verməklə yanaşı, cərrahın işinin bir hissəsini müstəqil yerinə yetirə bilir. Belə ki, zədələnmiş ürək qapağını tikə bilən innovativ “Harpun” aparatı tədqiqatlar zamanı onlarla pasiyentdə öz effektivliyini sübut edib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024