Yeni qadcet geyimi sağlamlıq trekerinə çevirəcək 2017-11-28 14:49:00 / MARAQLI MƏLUMATLAR

Müxtəlif fitnes-trekerlər və digər biosensorlar getdikcə daha da populyarlaşır. Lakin bu kimi qurğularda bir çatışmazlıq var: onları daşımaq narahatlıq yaradır. Bu problemi aradan qaldırmaq üçün “Spire” şirkətinin istehsalçıları real vaxt rejimində istifadəçinin orqanizminin əsas göstəricilərini ölçə bilən kiçik biosensor təqdim ediblər. Qurğunun əsas üstünlüyü onu geyimə bərkitdikdə diskomfort yaratmamasıdır.

İstehsalçılar iddia edirlər ki, “Spire Health Tag” adlı qurğu orqanizmin göstəricilərinin ölçülməsi üçün geyimə bərkidilən və yenidən enerji ilə doldurulma tələb etməyən ən kiçik şəxsi mikrosensordur. Qeyd edilir ki, qadceti geyimdən çıxarmaq lazım deyil. O, bir dəfə enerji ilə doldurulduqdan sonra uzun müddət işləyir.

Şirkətin təsisçisi Conatan Palli bildirib ki, yeni biosensor gündə təxminən 20 milyard məlumat toplayır. O, istifadəçinin fəallığını fasiləsiz izləyir, onun ürək ritmi və nəfəsalma dəyişkənliyini qiymətləndirir. “Spire Health Tag”, həmçinin istifadəçinin yuxusunu izləyə və onun nə zaman stres keçirdiyini müəyyən edə bilir.

naked-science.ru saytının məlumatına görə, şirkətin ilk trekeri təxminən 8 milyon dollar toplayaraq bütün dünyada yayılıb. İstehsalçılar məhz bu qurğunun üzərində işləyərkən anlayıblar ki, insanlar daim enerji ilə doldurulma tələb edən narahat qurğuları daşımaq istəmirlər. Artıq “Health Tag” sensoru 99 dollara satışa çıxarılıb.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017