Dünya gənclərinin 70%-i İnternetdən istifadə edir 2017-11-23 12:20:00 / MARAQLI MƏLUMATLAR

Beynəlxalq Kommunikasiya İttifaqı (BTİ) “İKT faktlar və rəqəmlər” adlı reytinq cədvəlini açıqlayıb. BTİ Rabitə və İnkişaf Bürosunun direktoru Brahima Sanubildirib ki, 2017-ci ilin hesabatına görə, bu gün dünyada elektron iqtisadiyyatın mərkəzində 15-24 yaş arasında olan gənclər dayanır – onların 70%-i İnternetdən istifadə edir. Hesabatda qeyd olunur ki, informasiya-kommunikasiya texnologiyalarının bugünkü inkişafı genişzolaqlı mobil rabitə xidmətlərinin yayılmasını da stimullaşdırır.

Dünyanın 104 ölkəsində gənclərin 80%-i İnternetdən istifadə edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 94%, inkişafda olan ölkələrdə 67%, az inkişaf etmiş ölkələrdə isə 30%-ə bərabərdir.  İnternetdə onlayn olan 830 milyon gəncin 320 milyonu Çin və Hindistan vətəndaşlarıdır. İnternetdən istifadə etməyən hər 10 gəncdən təxminən 9-u Afrika, Asiya və ya Sakit Okean regionunda yaşayır.

İnternetdən istifadə edən gənclərin faizi (71%), dünya üzrə İnternet istifadəçilərinin ümumi sayından (48%) çoxdur.

Dünya əhalisinin 53,6%-i öz mənzilindən İnternetə daxil ola bilir

2017-ci il üzrə reytinqə görə, inkişaf etmiş ölkələrdə İnternetə çıxışı olan mənzillərin faizi, inkişaf etməkdə olan ölkələrlə müqayisədə 2 dəfə çoxdur. İnkişaf etmiş ölkələrdə bu rəqəm 84,4%, inkişafda olan ölkələrdə 42,9% təşkil edir. Az inkişaf etmiş ölkələrdə isə cəmi 14,7% əhali İnternetə daxil ola bilir. Bu kimi ölkələrdə istifadəçilərin əksəriyyəti İnternetə iş, məktəb, universitet, və ya digər ictimai yerlərdən daxil olurlar. Ümumilikdə dünya əhalisinin 53,6%-i öz mənzilindən İnternetə daxil ola bilir.

Rəqəmsal gender bərabərsizliyi

Hər il olduğu kimi, bu il də rəqəmsal gender bərabərsizliyi davam edib. Belə ki, dünya üzrə İnternetdən istifadə edən qadınların sayı, İnternetdən istifadə edən kişilərin sayından 12% aşağıdır. Afrikada İnternetdən istifadə edən kişilərin sayı, qadınların sayından 25% çoxdur. Az inkişaf etmiş ölkələrdə hər 7 qadın və hər 5 kişidən yalnız biri İnternetdən istifadə edir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024