Gələcəyin “ağıllı” silahı qorxunc olacaq 2017-11-21 13:00:00 / MARAQLI MƏLUMATLAR

Stiven Hokinq və İlon Mask kimi tanınmış alimlər də daxil olmaqla, Gələcəyin İnstitutunun (Future of Life Institute) əməkdaşları yaxın gələcəyə həsr edilmiş qeyri-adi videonu yayımlayıblar. Sənədli film stilində çəkilmiş video yüksək texnologiyalar sayəsində insanların həyatının necə kabusa çevrilə biləcəyini nümayiş etdirir. Alimlər süni intellektlə təchiz edilmiş kiçik dron-qatilləri göstəriblər. Cinayətkarlar həmin dronların vasitəsilə hər hansı bir insanı istənilən məkanda öldürə biləcəklər.

hi-news.ru saytının məlumatına görə, video ilk dəfə Cenevrədə Birləşmiş Millətlər Təşkilatı üzvlərinin müasir silah növlərinə həsr edilmiş toplantısının iştirakçılarına nümayiş etdirilib. O, gələcəyin “ağıllı” silahının nə dərəcədə qorxunc ola biləcəyini əks etdirir. Bu videoçarxda göstərilən bütün texnologiyalar artıq mövcuddur. Onları yalnız bir qədər miniatürləşdirmək və bir yerə toplamaq lazımdır. Videonun əsas qəhrəmanları öz qurbanlarını yüksək dəqiqliklə tanıyan və sözün əsl mənasında onların başlarına girərək partlayan kiçik dronlardır. Onlar qurbanı izləyir, zəruri olduqda məkana daxil olmaq üçün pəncərələrdə dəliklər açır və bir çox digər funksiyaları yerinə yetirir.

Süjetə əsasən, dron-qatillər müxtəlif ölkələrin hökumətlərinə olduğu kimi, terrorçulara da xidmət edə bilərlər. Videoda tamaşaçıya göstərilir ki, kiçik qatillərin köməyilə hər hansı bir siyasətçiyə sui-qəsd etmək və ya saniyələr ərzində universitetin auditoriyasında bir neçə tələbəni öldürmək mümkündür. Gələcəyin İnstitutunun əməkdaşları belə qətllərin bir neçə ildən sonra reallığa çevriləcəyinə əmindirlər. Lakin bütün bunlar hələ ki, yalnız elmi fantastika olaraq qalır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024