Süni intellekt intihar hadisələrinin qarşısını almağa kömək edəcək 2017-11-01 16:23:00 / MARAQLI MƏLUMATLAR

Süni intellektin köməyilə beyinin vizuallaşdırılması və məlumatların emalı bir çox intihar hadisələrinin qarşısını almağa imkan verəcək.

Hər il 800 minə yaxın insan öz həyatına son qoyur və bu, əksər hallarda intihar edənlərin doğmaları və tanışları üçün gözlənilməz olur. Tədqiqatçılar insanın intihar etməyə hazırlığı haqqında onun beyninin “danışa” biləcəyini güman ediblər. Onlar intihara meyilli olan, bəziləri daha əvvəl intihara cəhd etmiş və intihara meyilli olmayan 34 könüllünü dəvət ediblər. İştirakçıların beyni maqnit-rezonans tomoqrafiyanın köməyilə skan edilən zaman onlara intiharla bağlı 10 söz, (“cansızlıq”, “ümidsizlik” və s.) müsbət mənalı 10 söz (məsələn, “qayğısızlıq”) və mənfi mənalı 10 söz (“problemlər” və s.) təqdim edilib.

gazeta.ru saytının məlumatına görə, “ölüm”, “qəddarlıq”, “problem”, “qayğısızlıq”, “yaxşı” və “tərif” sözlərində potensial intihar edənlərin beyninin reaksiyası digər qrupun reaksiyasından fərqlənib. Maşın təlimindən istifadə edən alqoritm bu məlumatlara əsaslanaraq, mümkün intihar edənləri 91 faiz dəqiqliklə müəyyən edə bilib.

Alimlərin fikrincə, daha çox könüllünün tədqiqata cəlb edilməsi bu üsulun dəqiqliyini daha yaxşı qiymətləndirməyə imkan verəcək. Onlar yeni metodun intihara meyilliliyi vaxtında aşkar etməsinin intiharların qarşısını alacağına inanırlar.

Digər ekspertlər isə bu üsula optimist yanaşmırlar. Onlar metodun böyük vəsait tələb etməsinin onu yalnız bəzi hallarda əlçatan edəcəyini bildiriblər. Bundan başqa, hələ ki, beyinin reaksiyasının aşkar edilmiş xüsusiyyətlərinin insanın psixikasında baş verənlərə nə dərəcədə uyğun olduğunu yəqin etmək olmaz.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017