Ən etibarlı parollar necə tərtib edilməlidir? 2017-10-24 17:00:00 / MARAQLI MƏLUMATLAR

Kibertəhlükəsizliklə məşğul olan ekspertlər ən etibarlı parolların tərtib edilməsi metodikası haqqında məlumat veriblər.

Mütəxəssislərin sözlərinə görə, cinayətkarların parolu daha tez tapması bilavasitə rəqəm və hərflərin ardıcıllığından asılıdır. Böyük Britaniyada mobil şəbəkə və qurğu istifadəçilərinin təxminən 20 faizi ən sadə parollardan (şəxsi adlar, soyadlar, rəqəmlərin ardıcıllığı: 123123 və s.) istifadə edir. Məhz belə şifrələri tapmaq olduqca sadədir. Söhbət xüsusilə hakerlərin hücum obyekti olan internet-bankinq üçün şəxsi kabinetlərdən gedir.

dni24.com saytının məlumatına görə, orta səviyyəli hakerə çox da mürəkkəb olmayan parolu tapmaq üçün təxminən 10 saniyə lazımdır. Bu zaman cinayətkarın proqram təminatı əhəmiyyətli rol oynayır. Lakin istəkdən asılı olaraq, onu da aldatmaq olar. Belə ki, fərdi məlumatları mühafizə etmək üçün bir sıra qaydalara riayət etmək tələb olunur.

Parollarda ilk növbədə doğum tarixindən istifadədən imtina etmək vacibdir. Müəyyən ardıcıllıqla sıralanmış rəqəmlər proqram üçün maneə deyil. Mövcud olmayan sözlərdən və ya sadəcə hərf ardıcıllıqlarından istifadə etmək tövsiyə olunur. Həmçinin proqramı yanıltmaq üçün müəyyən sadə simvolları növbə ilə böyük hərflərlə əvəzləmək lazımdır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023