İsveçrədə ilk “yeməli” robot hazırlanıb 2017-10-09 15:32:00 / TEXNOLOJİ YENİLİKLƏR

İsveçrənin Lozanna şəhərində yerləşən Federal Politexnik Məktəbinin İntellektual sistemlər laboratoriyasının istehsalçıları gələcəkdə tibb sahəsində istifadənin mümkün olacağı ilk “yeməli” robot yaradıblar.

Artıq uzun illərdir ki, yumşaq robot texnikası həkim və mühəndislərin maraq dairəsindədir. Bu elastik qurğular kiçik əməliyyatların aparılması və ya dərmanların lazım olan orqana çatdırılmasında həkimlərə kömək edirlər. Sonra isə robotu pasiyentin orqanizmindən çıxartmaq və ya onun oradan özünün çıxmasına imkan vermək lazımdır. Lakin bu yanaşma geniş yayılmayıb. Artıq lazım olan məsələlərin icrasından sonra orqanizmdə həll olan “yeməli” robot daha effektiv üsul hesab olunur.

hi-news.ru saytının məlumatına görə, “yeməli” qurğunun hazırlanması üçün jelatin və qliserindən istifadə olunub. İstehsalçılar bildirirlər ki, manipulyator və tənzimləyicilər, batareya və onun digər komponentləri daxil olmaqla, robotun bütün detalları tamamilə yeməlidir və orqanizm üçün təhlükəsizdir.

Alimlər hesab edirlər ki, gələcəkdə daha funksional və balaca robotlar hazırlaya biləcəklər. Bu robotun tamamilə həzm edilməsi və allergiyalara səbəb olmaması qurğunun komponentlərinin tərkibinə müxtəlif dərmanları və vitaminləri əlavə etməyi də mümkün edir.

Bununla belə, bu kimi robotları yemək hələ ki, mümkün deyil. İstehsalçıların sözlərinə görə, bu robotların dadı kifayət qədər xoşagəlməzdir. Zamanla çiyələk və ya qarpız dadına malik “yeməli” robotlar istehsal etməklə bu problemin həll olunması gözlənilir. Bu zaman onları satışa çıxarmaq mümkün olacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024