Instagram-ın aktiv auditoriyası 800 milyonu ötüb 2017-09-28 10:41:00 / MARAQLI MƏLUMATLAR

“Facebook” sosial şəbəkəsinə aid olan Instagram xidmətinin aylıq aktiv auditoriyası son 5 ay ərzində təxminən 100 milyon artaraq 800 milyonu ötüb.

İnstagram-ın vitse-prezidenti Kerolayn Eversonun sözlərinə görə, hər gün Instagram-a 500 milyon istifadəçi daxil olur. Beləliklə, bu xidmət rəqabətdə olduğu, hər gün 173 milyon insanın istifadə etdiyi Snap xidmətini qabaqlayır. Vitse-prezident bildirib ki, istifadəçilərin İnstagram-da yerləşdirilmiş videoçarxlara baxmaq üçün sərf etdikləri vaxt bir il ərzində 80% artıb. Xidmətdən reklam məqsədilə istifadə edənlərin sayı isə bu ilin mart ayında ikiqat artaraq 2 milyonu ötüb.

Xatırladaq ki, 2010-cu ilin oktyabr ayında əsası qoyulmuş xidmət yalnız 2013-cü ilin fevralında 100 milyon aktiv istifadəçiyə nail ola bilmişdir. 2014-cü ilin martında isə istifadəçilərin sayı 200 milyon olmuşdur. O vaxtdan etibarən Instagram-ın aktiv auditoriyası 2016-cı ilin dekabrına qədər hər doqquz ayda 100 milyon artmışdır. Nəhayət ötən il bu sosial xidmət öz auditoriyasının yarım milyardı ötdüyünü elan etmişdir.  

hitech.newsru.com saytının məlumatına görə, cari ilin aprelində xidmətin istifadəçilərinin sayı 700 milyon olmuşdur. Belə qənaətə gəlmək olar ki, İnstagram hazırkı tempini qoruyub saxlayarsa, 2018-ci ilin payızına kimi 1 milyard istifadəçiyə nail olacaq.

Qeyd edək ki, Facebook-un aktiv auditoriyası 2017-ci ilin iyun ayında 2 milyardı ötmüşdür. Şirkətdən verilən məlumata görə, istifadəçilər sosial şəbəkədə gün ərzində 800 milyon dəfə “Like” düyməsindən istifadə edirlər.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017