İlk “ağıllı” polis bölməsi 2017-09-19 11:57:00 / MARAQLI MƏLUMATLAR

Dubayda tamamilə avtomatlaşdırılmış “ağıllı” polis bölməsi fəaliyyətə başlayıb.

mir24.tv saytının məlumatına görə, bu, dünyada ilk belə müəssisədir. Bölmənin ziyarətçiləri 60 növ xidmətdən istifadə etmək imkanı əldə edəcəklər. Həmçinin yol-nəqliyyat hadisəsi haqqında məlumat və ya hüquqların pozulması haqqında ərizə verə biləcəklər. Burada polislə ünsiyyət videoəlaqə vasitəsilə və elektron şəbəkə üzərindən həyata keçirilir. “Ağıllı” polis bölməsinin gündə 24 saat, həftədə 7 gün işləyəcəyi gözlənilir.

BƏƏ hakimiyyəti Dubayın bütün rayonlarında bu kimi müəssisələr yaratmaq niyyətindədir. Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları onların adi polis bölmələrini boşaltmağa kömək edəcəyinə əmindirlər.

Xatırladaq ki, iyun ayında Dubayın polis xidmətinə “O-R3” adlı patrul robomobilinin gətiriləcəyi məlum olub. Nəqliyyat vasitələri avtonom rejimdə şəhərin küçələri ilə hərəkət edərək insanları və avtomobilləri skan edəcəklər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024