İnstitutda ABŞ-ın Emory Universitetinin professoru ilə görüş keçirildi 2017-09-18 10:30:00 / GÖRÜŞLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda ABŞ-ın Emory Universitetinin nəzdində fəaliyyət göstərən Emerson adına Elmi Hesablamalar Mərkəzinin direktoru, professor Camal Musayev və Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanovun başçılıq etdiyi nümayəndə heyətilə görüş keçirildi. Görüşün keçirilməsində əsas məqsəd İnformasiya Texnologiyaları İnstitutu, Emerson adına Elmi Hesablamalar Mərkəzi və Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlıq imkanlarının müzakirəsi idi.

Öncə çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev qonaqlara AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərən AzScienceNet haqqında məlumat verərək şəbəkənin Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin etdiyini dedi.  

Ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında AzScienceNet-in böyük imkanlara malik olduğunu bildirən alim AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd etdi. Bildirdi ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də AzScienceNet və Data Mərkəzin xidmətlərindən yararlana bilərlər.

R.Əliquliyev Bakı Dövlət Universitetinin elmi mərkəzlərinin də AzSciencenet-in təqdim etdiyi imkanlardan istifadəsi üçün köməklik göstərməyə hazır olduğunu bildirdi.

Alim AzScienceNet-in beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində görülən işlərdən söz açaraq qeyd etdi ki, bu məqsədlə İnformasiya Texnologiyaları İnstitutu Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktura – GEANT layihəsinə qoşulmuşdur.

Sonra qonaqlara AzScienceNet-in idarəetmə strukturu haqqında ətraflı məlumat verildi.  Bildirildi ki, DATA mərkəz, İnternet xidmətləri mərkəzləri, Şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olan AzScienceNet vasitəsilə AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarına Wi-Fi, Cloud Computing, Cloud Storage, Klaster Hesablama, Hostinq, Eduroam, İP Telefoniya, paylanmış çoxterminallı məlumat xidməti, operativ məlumatlandırma, e-kitabxana, distant tədris və s. xidmətlər göstərilir.

Qeyd olundu ki, AzScienceNet şəbəkəsinin İnternetə qoşulma surəti 1,41 Gbit/s, hesablama gücü 17 Tflops, xarici yaddaşının həcmi isə 400 Tbayt-a bərabərdir.

Sonra professor Camal Musayev çıxış edərək Emerson adına Elmi Hesablamalar Mərkəzində informasiya-kommunikasiya texnologiyaları və elmi hesablamalar sahəsində geniş tədqiqatların aparıldığını, kompleks layihələrin həyata keçirildiyini bildirdi. O, rəhbərlik etdiyi mərkəz, İnformasiya Texnologiyaları İnstitutu və Bakı Dövlət Universiteti arasında əməkdaşlığın qurulmasında, təcrübə mübadiləsinin aparılmasında maraqlı olduğunu bildirdi. 

Sonda hər üç qurum arasında əməkdaşlığın təşkili və birgə innovativ layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıldı, bir sıra təkliflər səsləndirildi.

Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024