Mobil proqram cinayət haqqında xəbərdarlıq edəcək 2017-09-07 14:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Nyu-York sakinləri xüsusi mobil proqram vasitəsilə real vaxt rejimində yaxınlıqda baş verən cinayətlər haqqında bildirişlər almaq imkanı əldə ediblər.

hitech.newsru.com saytının məlumatına görə, “Citizen” (“Vətəndaş”) adlı proqram ötən həftə iOS və Android əməliyyat sistemləri ilə işləyən qurğuların istifadəçiləri üçün əlçatan olub. Bu, 2016-cı ilin payızında istifadəyə verilmiş, lakin sonradan “App Store”dan silinmiş “Vigilante” proqramının yenilənmiş versiyasıdır.

“Citizen” hazırda Nyu-Yorkun 5 rayonunun ərazisində işləyir. Xidmətin əməkdaşları polis və yanğın xidmətinin açıq kanallarını dinləyərək cinayətlərin baş verdiyi nöqtələri xəritədə işarələyirlər. Sonra hadisə yerinin yaxınlığında olan istifadəçilər ünvan və cinayətə dair qısa xəbərdarlıq alırlar. Bunun sayəsində onlar cinayətin təsadüfi qurbanı olmamaq üçün öz yolunu dəyişdirə bilərlər.

Proqram hələ ki, Nyu-York polisinin rəsmi razılığını almayıb. Eyni zamanda xidmətin yaradıcısı, sahibkar Endryu Freym “Citizen” nümayəndələrinin müntəzəm olaraq Nyu-York polisi, şəhər xidmətləri və yerli cəmiyyətlərin bəzi liderləri ilə qarşılıqlı əlaqədə olduqlarını qeyd edib. O, proqramın digər şəhərlərdə də işləməyə başlayacağına ümid etdiyini bildirib.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2017